Denis Silva: "Qarabağ"ı keçə bilərdik" MÜSAHİBƏ

10:32 - 21 Dekabr 2018

"Keşlə”nin müdafiəçisi Denis Silva ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

 

- Çətin oyun keçdi. Liqadakı vəziyyətimizə görə kubokdakı oyun bizim üçün vacib idi. Mübarizə aparsaq da, alınmadı. Bəzən yaxşı oyun nümayiş etdirsən də, sonda belə nəticə ilə üzləşirsən. Növbəti ili düşünməliyik. Liqaya köklənməli və turnir cədvəlində yuxarı yerlərə qalxmağa çalışmalıyıq.

 

- Hesabı siz açsanız da, sonradan üstünlüyü əldən verdiniz. Niyə belə alındı?

- Diqqətli olmadıq. İkinci hissənin ilk dəqiqələrində qapımızda qol gördük. Yaxşı komandamız və futbolçularımız var. Nümayiş etdirdiyimiz oyun yaxşı idi. Bəzən belə hallar da olur. Bundan dərs çıxarmalıyıq.

 

- Necə düşünürsən, “Qarabağ”ı keçmək olardı?

- Əlbəttə, şanslarımız oldu. Yaxşı qol epizodları yaratdıq. Yaxşı oynadıq. Düşünürəm ki, "Qarabağ"ı keçə bilərdik. Ancaq rəqib də güclü komandadır. Gələcək oyunları düşünməliyik.

 

- Kubokda mübarizəni dayandırdınız, çempionatda isə autsayderlər qrupundasınız...

- Artıq liqanı düşünməliyik. İndi bir cəbhədə qalmışıq. İşimizin nədən ibarət olduğunu yaxşı bilirik. Bütün fikrimizi çempionata cəmləməliyik. Heyətimizdəki güclü futbolçuları saxlamalı və komandamızı da gücləndirməliyik. Yaxşı nəticələr üçün bu, lazımdır. Yaxşı komandamız var. Bizi çətin oyunlar gözləyir. Fikrimcə, turnir cədvəlində yuxarı qalxacağıq.

 

- “Keşlə”yə yeni oyunçular lazımdır?

- Yeni oyunçular alınsa, bu, yaxşı hal olacaq. Komandamız daha da güclənər. Ümid edirəm ki, liqadakı vəziyyətimizi dəyişəcəyik.

Xəbər xətti