"Keşlə"nin kapitanı: "Oyunu qumara qoymamışıq"

14:18 - 19 Aprel 2019

"Keşlə"də futbolçuların oyunu qumara qoymaq söhbəti yoxdur, ola da bilməz. Bununla bağlı nə rəhbərlik, nə də baş məşqçi tərəfindən oyunçulara irad bildirilib".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin kapitanı Slavik Alxasov komandanın baş məşqçisi Tərlan Əhmədovun “Qarabağ”a 0:3 hesabı ilə uduzduğu matçdan sonra səsləndirdiyi fikirləri şərh edərkən deyib. 26 yaşlı müdafiəçi bildirib ki, “Keşlə”də nəticələrin manipulyasiyası şübhəsi və futbolçuların bukmeyker kontorlarında öz oyunlarına pul qoyuluşu etmələri yönündə söhbət yoxdur:

 

"Bilmirəm, bəlkə də, bu mənada deməyib. Belə bir şeyin olmasına inanmıram. Heç kim razı olmaz ki, onun komandasının adı danışılmış oyunlarda hallansın. Bu, hər kəsə mənfi təsir göstərir və belə söhbətin olması yaxşı hal deyil. Hazırda komandanın içində belə bir məsələ yoxdur. Nə isə olsaydı, üzə çıxardı. Baş məşqçi kimdənsə şübhələnsəydi, onun adını mütləq açıq-aydın deyərdi”.

 

Qeyd edək ki, Tərlan Əhmədov “Qarabağ”la oyundan sonra təşkil edilmiş mətbuat konfransında ikinci hissədə buraxılan səhvlərin onda başqa fikirlər formalaşdırdığını bildirib: “Çalışıram ki, əsəblərimi qoruyum. Son oyunları götürsək, bütün qollar ikinci hissəyə təsadüf edir. Bunlar sınma nöqtəsi olur. Qış fasiləsindən sonra yalnız ikinci hissədə qol buraxırıq. Çox fikirlər formalaşır. Bunlar hazırda araşdırılmalıdır, ancaq buna vaxtımız yoxdur. Səbəbini soruşuruq ki, niyə bunlar fasilədən sonra olur? Qollar buraxandan sonra komanda ayılır. Totalizator ola bilərmi? Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına girə bilmərəm”. (report)

Xəbər xətti