UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın İrlandiyanın “Dandolk” klubu ilə cavab oyununu Norveç Futbol Federasiyasından olan FIFA referisi Svein Oddvar Moen idarə edəcək.
Sportal.az xəbər verir ki, Moen 1996-cı ildən futbol hakimidir. 40 yaşlı referi 2004-cü ildən Norveçin yüksək liqasının matçlarına təyinat alır. Svein Moen 2011-ci ilin əvvəlində Elit kateqoriyaya yüksəlib.
2010/11 mövsümündə norveçli hakim ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin görüşünü idarə edib.
Təcrübəli referi 2012-ci ildə keçirilmiş London Yay Olimpiya Oyunlarına, DÇ-2014-ə, AÇ-2016-ya təyinat alıb.
Svein Moen 2005-ci ildə Azərbaycanın U-21 millisinin səfərdə Almaniyanın U-21 yığmasına 0:2 hesabı ilə uduzduğu oyunu idarə edib. Həmin matç onun idarə etdiyi üçüncü beynəlxalq görüş idi.
2007-ci ilin avqustun 2-də norveçli hakim UEFA Kubokunun I təsnifat mərhələsinin “Diskoboliya Qrotslin” (Polşa) – “MKT-Araz” (Azərbaycan) matçını (1:0) idarə edib.
Moen 2009-cu ilin iyulun 28-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin keçirilmiş “Bakı” (Azərbaycan) – “Levski” (Bolqarıstan) oyunununda (0:0) baş hakim olub.
31 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunu
21:00 “Qarabağ” – “Dandolk”
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Maqnus Lundberq, Isaak Elias Skieset Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
Bakı. “Dalğa Arena”.