“İstəməzdim ki, 3 dəfə çempion olan biri kimi belə fotom yayılsın”

12:21 - 27 Aprel 2020

“İş yoxdur, hazırda işləmirəm. “Kəpəz” klubu tərəfindən verilən sosial yardımı da qəbul etdim. Sağ olsunlar ki, yada salıblar”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Kəpəz”in heyətində Azərbaycan çempionu, ölkə liqasının bombardiri olmuş Rövşən Əhmədov deyib. 

 

Əhmədov Gəncə klubu tərəfindən ona edilən sosial yardım zamanı çəkilən fotosunun sosial şəbəkələrdə yayılmasından və insanların ona dəstəyindən danışıb: “Hər kəsə təşəkkür edirəm. Dəstəyi hiss etmək böyük şeydir. İndi elə bir vəziyyətdir ki, evdə oturmuşuq və bu yardım da bizə müəyyən dəstəkdir. Özüm fəhlə işləyirəm. Hər şey dayanıb və məcbur işsizik. “Kəpəz” klubu da veteran kimi yada salıb, dəstək olub. Düzdür, həmin ərzaq onsuz da 2-3 gün bizə ancaq yetəcək. Lakin nə edə bilərdim ki? Geri qaytaracaqdım? Açığı, istəməzdim ölkə çempionatının bombardiri, 3 dəfə çempion olmuş biri kimi bu foto yayılsın. Ancaq neyləmək olar?”. 

 

Bombardir AFFA-nın ona iş və pensiya vermədiyini bildirərək durumundan şikayətlənib:

 

“AFFA veteran futbolçulara pensiya verməlidir, lakin mənə bu verilmir. UEFA özü bu işə nəzarət edir və veteranlar üçün ayrıca pul ayırır. Lakin mənə heç bir dəstək olunmur. Heç “Kəpəz”də də mənə iş vermirlər. Bir neçə dəfə söz versələr də, əməl etmirlər. Deyirlər ki, AFFA məni istəmir. Səbəb nədir, bilmirəm. Elxan Məmmədovla bir neçə dəfə görüşdüm və dedi ki, Gəncədə futbol bərpa olunanda sənə iş verəcəyik. Amma hələ ki, ortada heç nə yoxdur. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev sağ olsun ki, mənə iş təşkil etdi. Gəncədəki idman məktəbində tam ştat olmayaraq çalışıram və aya 120 manat maaş alıram. Deyirlər ki, kateqoriyan yoxdur. İşə götürsünlər və maaşımdan tutsunlar oxuyum. C kateqoriyası futbolçulara pulsuz verilir, amma mənə belə deyirlər. Məndən yaşda balaca olanlar alır, amma mənə verilmir. Federasiyada mənə heç cür köməklik göstərilmir. Mən heç nə istəmirəm, öz haqqımı tələb edirəm”.

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Rövşən Əhmədovun ittihamlarına cavab verib. Qurum rəsmisi bildirib ki, pensiya 63 yaşdan yuxarı təyin edilir: “AFFA-nın Futbol Fondunun əsasnaməsi var. Orada 63 yaş göstərilir və veteranların müraciətinə xüsusi komissiya baxır. Həmin komissiyada nüfuzlu futbol veteranları və AFFA İcraiyyə Komitəsinin üzvləri yer alır. Onlar rəy verdikdən sonra İcraiyyə Komitəsinə təqdim olunur.  Əsasnamədə qeyd edilir ki, yaş 63-dən yuxarı olmalıdır. İşlə bağlı müraciətinə gəlincə, ətraflı məlumatım yoxdur. Amma AFFA-nın onu işlə təmin etməsi üçün isə müəyyən qaydalar var. Məşqçi lisenziyası, məşqçi təhsili olmalıdır. Bir də Futbol Veteranları İttifaqı daha çox  veteranların problemləri ilə məşğul olur”. 

Xəbər xətti