"Reyncers"in baş məşqçisi Stiven Cerrard keçmiş komandası "Liverpul"u 30 ildən sonra İngiltərə çempionu olmasına görə təbrik edib.
Sportal.az xəbər verir ki, "qırmızılar"ın əfsanəsi sosial hesabında çempionluq sözləri yazıb:
"Liverpul"u Premyer Liqa çempionu olmasına görə təbrik edirəm. Möhtəşəm heyətlə inanılmaz uğur qazandılar. Dünya çapında olan baş məşqçi ilə yanaşı, komandanın da bu uğurda payı var. Ən önəmlisi, 30 il bu günü gözləyən azarkeşləri təbrik edirəm! Parti başlasın!"
"Liverpul"un digər əfsanəsi Kenni Dalqliş də 30 il sonra keçmiş komandasının çempion olmasından danışıb. Sonuncu dəfə mersisaydlılar 1990-cı ildə şotlandiyalı mütəxəssisin rəhbərliyi ilə ölkə çempionu olmuşdu. Dalqliş həmin illər xatırlayıb və Yurgen Klopp amilini xüsusi qeyd edib:
"Həmin il "Liverpul"un bir daha çempion olması üçün 30 il gözləməli olduğunu desəydim, ya həbs edilərdim, ya da məşqçi lisenziyamı əlimdən alardılar. Yurgen Klopp "Liverpul"a gələndən sonra hər şeyi qaydasına saldı, əsas da son iki ildə. O, nə qədər fantastik baş məşqçi olduğunu göstərdi. "Liverpul"un qazandığı hər bir uğurun memarı Kloppdur. O, klubda çalışan hər insana böyük hörmət göstərir. O, ötən il də bu uğuru komandaya qazandıra bilərdi, ancaq Çempionlar Liqası ilə kifayətlənməli oldu. "Liverpul" Kloppla ömürlük müqavilə imzalamalıdır".
"Liverpul"a 2005-ci ildə Çempionlar Liqasını qazandıran ispaniyalı məşqçi Rafael Benites də təbriklərə qoşulub:
"Təbriklər, "Liverpul"! 30 ildən sonra yuxu gerçəkləşdi. Hamının adına sevinirəm. Heç vaxt tək gəzməyəcəksiniz!"
saytlarin hazirlanmasi