"Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu görsəndi. Maraqlı oyun alındı. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu, bunlar bizə istədiyimiz sonluğu gətirməyə imkan vermədi. Amma futbolçulardan razıyam, çətinmədən oynadılar".
Sportal.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi"yə evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, rəqib təcrübəli futbolçuları və yeni baş məşqçisi Samir Abasovun oyun üslubu sayəsində öz sözünü deyir: "Bu matç bizim üçün göstərici deyil. Rəqibin qarşıdakı hədəfləri bizdən fərqlənir. Amma o demək deyil ki, kimdənsə çəkinək. Ən azı bir xal qazana bilərdik. Səhvlərdən qollar buraxdıq. Futbolçular ikinci qoldan sonra daha da irəli atıldılar. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram".
Baş məşqçi deyib ki, 1:2 hesabı ilə geriyə düşəndə hesabla barışmaq istəməyiblər: "Neftçi"nin yüksək səviyyəli oyunçuları var ki, matçın taleyini həll etdilər".
Hacıyev komandasını qarşıda ağır qrafikin gözlədiyini də vurğulayıb: "3 gün sonra Zaqatala ilə matça hazırlaşacağıq. İlk hissədə son saniyələrdə qol buraxmaq futbolçulara təsir etdi. Futbolçuların fiziki durumu da hamısında eyni deyil. "Neftçi"yə qarşı isə hər xırda detal önəmlidir. İki qoldan sonra nə qədər çalışdıq, amma alınmadı. Qol epizodları yaratsaq da, yararlana bilmədik. Tək Əfran İsmayılov yox, digər oyunçular da səhv etdilər. Bəzən sonluq istədiyimiz kimi alınmır".
Baş məşqçi bəzi gənc oyunçuların qeyri-sabit oynamasına da münasibət bildirib: "Turan Manafov U-21-də oynayır, amma digərləri millidə yoxdur. Çalışırıq ki, onları qazanaq. Bu gün hazır olmayana şans vermirik. Əfran bu mövqedə ən yaxşıdırsa, cavanlar üçün utancvericidir. Komanda sayı çox olsaydı, onları digərlərinə oynamaq üçün icarəyə verərdik. Gənclərlə bağlı problemlər var".
Hacıyev transferlərin gecikməsini bu cür əlaqələndirib: "Klubda bunu görən şəxslər olmalıdır, amma bizdə məşqçilərin üzərinə yük düşür. Şərtlər də çətindir. Hər futbolçu gəlmir. Seleksiya işimiz nəticəsində gec də olsa, istədiyimiz oyunçuları cəlb edirik. Birini yekunlaşdırmışıq, biri də yoldadır. Müdafiəçi də almaq istəyirik. Mən də istəyirəm ki, yaxşı, keyfiyyətli və bahalı futbolçular alaq. Məcburuq ki, vəziyyətə uyğun hərəkət edək. Tez bir zamanda müdafiəçi və dayaq yarımmüdafiəçisi almaq niyyətindəyik" (Report).
saytlarin hazirlanmasi