Aftandil Hacıyev: "Yeni komandaların bölgələri təmsil etməsi daha yaxşı olar"

20:20 - 3 Aprel 2021

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 21-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, 0:0 hesabı ilə başa çatan oyunu şərh edib:

 

“Fasilədən sonra futbolçuların yenidən çempionata köklənməsinin çətin olacağını bilirdik. Bəzi aparıcı futbolçularımız da cəza və zədə səbəbindən bu gün komandaya kömək edə bilmirdi. Hendrik Ekşteyn zədəli, Əfran İsmayılovla Ruslan Hacıyev cəzalı idi. Onların üçü də komandamızın xüsusilə hücum planında önəmli futbolçulardır.

 

“Zirə”nin son oyunlarını izləmişdik. Demək olar ki, hər oyunda fərqli sistemlərdən istifadə edirlər. Bu üzdən də bu oyunun ilk hissəsi bizim üçün kəşfiyyat xarakterli idi. Qonaqların bizə qarşı hansı sistemlə mübarizə apardığını öyrənməyə çalışdıq. İlk 20-25 dəqiqə onlar daha fəal idilər. Yalnız ondan sonra öz oyunumuzu tapa bildik, hətta ilk yarıda üç qol epizodumuz da oldu. Fasilədən sonra qol epizodlarımız daha çox idi. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Bütövlükdə, futbolçularımın oyunundan və işə yanaşmasından razı qaldım. Bu gün bir xal qazandığımızı düşünürəm. Rəqib komandaya gəlincə, bu il Rəşad Sadıqovun sayəsində fərqli “Zirə” görürük”.

 

Hacıyevin sözlərinə görə, “Səbail”, “Zirə” səviyyəsində komandaların sayının 12-yə çatdırılması mümkündür: “Burada müxtəlif nüanslar var. Onların hamısını nəzərə alınmalıdır. Məsələn, hazırda yaxşı yerli futbolçular baxımından qıtlıq var. Digər tərəfdən, bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, başqa kollektivlərin elitaya gəlməsi də mümkündür. Hesab edirəm ki, say artacağı təqdirdə yeni komandaların bölgələri təmsil etməsi daha yaxşı olar”.

Xəbər xətti