Premyer Liqada ən yaxşılardan, millidə lazımsız Rəhim Sadıxov

22:22 - 7 İyun 2021

Müasir futbolda hər mövqeyin ən yaxşıları dəyərli sayılsa da, yəqin razılaşarsız ki, hər bir baş məşqçi üçün əlinin altında oyunu üzərinə götürə bilən, driblinqi hesabına müdafiəçiləri pərən-pərən sala bilən futbolçunun olması çox vacibdir. Misal üçün, “Neftçi”də Buqrin, “Qarabağ”da Zubir, “Keşlə”də Sezar Meza Kolli, “Sumqayıt”da Rəhim Sadıxov... Siyahını uzatmaq da olardı, amma bizim üzərində dayanmaq istədiyimiz oyunçu elə sonuncu vurğuladığımızdı – Rəhim Sadıxov. 


Premyer Liqamızda oyunuyla fərq yaradan, hətta göz oxşayan deyə biləcəyimiz Rəhim Sadıxova millidə ehtiyac duyulmur. Nə qədər təəccüblü olsa da, De Byazi Türkiyə (1:2), Belarus (2:1), Moldova (0:1) ilə oyunlarda ona heç bir dəqiqə belə şans verməyib. 


Hər məşqçinin futbola öz baxışı, öz fəlsəfəsi var və futbolçuların qarşısına qoyduğu tələblər də fərqlidir. Bu baxımdan De Byazinin beynində olanları bilmək və anlamaq çətindi. Bu müəmmaya qismən aydınlıq gətirmək üçün Rəhim Sadıxovun klubundakı baş məşqçisi Ayxan Abbasova müraciət elədik. Görəsən, “Sumqayıt”ın çalışdırıcısı Premyer Liqanın ən yaxşılarından hesab olunan Rəhimin millidə oynamamağının səbəbini nədə görür: 


“Milli komandanın baş məqşçisinin baxışı fərqli olar bilər, bu, normaldır. Rəhimin klubdakı baş məşqçisi olaraq deyə bilərəm ki, millidəki durumu ona çox pis təsir edir. Bundan əvvəlki toplanışda da ona şans verilməmişdi. O ərəfə “Sumqayıt” üçün hər oyun final kimi idi. Həmin dönəmlərdə Rəhim çox yaxşı çıxış etdi. Yalnız kubokun finalında yorğunçuluq özünü göstərdi. Mən Rəhimə hər dəfə deyirəm ki, həvəsdən düşmək olmaz, çalışmaq lazımdır. Azərbaycan futbolunda onun səviyyəsində futbolçu azdır. Təbii ki, çatışmayan cəhətləri də var. Amma bizə gələndən sonra çatışmayan cəhətləri üzərində çox çalışdı və Premyer Liqamıza uyğunlaşa bildi. 


Açığı, millidəki son oyunlarda meydana çıxmamağı məni təəccübləndirdi. Çünki yoldaşlıq oyunları idi. Millinin baş məşqçisi var, bizim kənardan nəsə deməyimiz yanlış olar. Şəxsən mən Rəhimə çox inanıram, düşünürəm ki, ona şans versələr, milliyə xeyir verər. Yaşı da çox deyil, əsl oynayan çağlarıdır”


Əslində, De Byazinin “qara siyahısına” düşənlər arasında Rəhim tək deyil. Ağabala Ramazanovu ümumiyyətlə görməzdən gələn italyan mütəxəssis bir ara Emin Mahmudovu da yığmaya yaxın buraxmırdı. Namiq Ələsgərov da düz-əməlli oyun praktikası qazanmırdı, De Byazi yalnız ictimai qınağı görəndən sonra ona güvənməyə başladı. Daha bir qəribəlik Bəhlul Mustafazadə ilə bağlıdır. O, son toplanışa dəvət almasa da, De Byazi sonradan fikrini dəyişdi. Böyük ehtimalla kiminsə tövsiyyəsi ilə. Yeri gəlmişkən, Rəhim kimi Təmkin Xəlilzadə də bu toplanışda az şans qazananlar siyahısındadır. 

 

Xəbər xətti