Çempionlar Liqasının 1-ci təsniaft mərhələsinin cavab matçında Gürcüstanın "Dinamo" klubuna qalib gəlib gələn (2:1) "Neftçi"nin baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, növbəti mərhələyə yüksəlməkləri barədə danışıb:
- Azarkeşlərimiz üçün darıxmışdıq. Onlar bizi tək qoymadılar. Bu, möhtəşəm idi. Futbolçular ayrı-ayrılıqda sağ olsunlar. Fasilədən sonra ağır oyunlara çıxmaq həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlar ürəkaçan olmadı. Amma bu, oyundan-oyuna yaxşılaşacaq. Komanda gücləndikcə daha yaxşı olacağıq. Hər iki oyun o qədər ürəkaçan olmadı. Amma bunu başa düşmək olar. Azarkeşlərimizi də təbrik edirik. Əsas nəticə idisə, futbolçular da bunu əldə etdilər.
- “Neftçi” ayılmaq üçün mütləq qol buraxmalı idi? Adətən komanda son dəqiqələrdə yorulur, sizdə əksinə oldu.
- Bəlkə ilk oyundakı nəticə bizi ehtiyatlı oyuna vadar etdi ki tələsməyək. Amma qol buraxandan sonra oyunu xilas etmək istədik. Bugünkü oyunu kimlərə görə, niyə oynamalı olduğumuzu uşaqlara matçdan əvvəl demişdim. Onlara bir az gec çatsa da, bunu bacardıq.
- Harramiz hər iki oyunda fərqli mövqelərdə oynadı. Bu nədən qaynaqlandı?
- Harramiz universal futbolçudur. Bu oyunda Ömərə bəzi taktiki tapşırıqlar vermişdim, o da öhdəsindən gəldi. Əlimizdə 2-3 ehtiyat oyunçu var. Bəzən kimisə məcburiyyətdən oynadırsan. Bu, Harramizlə bağlı deyil. Matçlar keçdikcə yeni gələnlərin nəyə qadir olduğunu daha yaxşı biləcəyik.
- Hər iki oyunda bir növ bəxt gətirdi. Növbəti mərhələdəki rəqib “Olimpiakos” bu səhvləri bağışlamır. Həmin görüşdə müdafiədəki səhvləri necə aradan qaldıracaqsınız?
- Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür şansları yunanlar yüz faiz bağışlamaz.
- Oyundan əvvəl də, bu gün də həyəcan deyirsiniz. “Dinamo” isə dağ başına qoyulacaq komanda deyil...
- Bizdə Honda kimi oyunçu yoxdur ki, çıxıb oyunu həll etsin. Komanda daxilində təşviş yaranır. Bu da avrokubokdakı oyunla bağlıdır. “Dinamo” yaxşı komandadır, meydanda kollektiv şəkildə lazım olan işi görə bilirlər. Bu, turnirin həyəcanıdır. Birdən-birə azarkeşlərə icazə verirlər. Uzunmüddətli fasilədən sonra Gürcüstanda meydana çıxdıq. Biz bu gün yaxşı vəziyyətdə deyilik.
- “Olimpiakos”la oyuna qədər transfer gözlənilir?
- Bəli, gözlənilir.
- “Dinamo” ilə oyunlarda tam gücünüzlə oynadınız, yoxsa bəzi sirri “Olimpiakos”a saxladınız?
- Heç nəyi gizlətməmişəm. Amma bu iki oyun bizim xeyrimizə ola bilər. Açıq deyək, “Olimpiakos” onlara qarşı bir nömrədə oynamağa imkan verməyəcək. Məcburən iki nömrədən oynayacağıq. Bu gün matçın böyük hissəsində rəqib bunu bizə yaşatdı. Etdiyimiz səhvlər bunun üzərində durmaq baxımından önəmli oldu.
- Ehtiyat qüvvənin azlığından şikayət edirsiz. Transferlərdə niyə gecikirsiz?
- Bunun bir cavabı var, istədiyimiz oyunçuları götürə bilmirik. 5 nəfərə yaxın oyunçu var ki, birbaşa müqaviləyə gətirmək istəyirik. Əvvəllər 2-3 mövqe fikirləşirdik. Bir komandada sol cinah müdafiəçisi yoxdursa, bu gün “Olimpiakos”u müzakirə etmək çox çətindir. Rotasiyalar etmək, oyunu gücləndirmək çətindir. Danışıq maliyyədə qırılır.
- Hansı mövqeyə oyunçu istəyirsiz?
- Hücumçu, 1-2 vinger, dayaq yarımmüdafiəçi, sol müdafiəçi istəyirik.
- Yeni transferlərdən elə bir futbolçu olacaq ki, 50 faiz hazır olsa da, meydana buraxacaqsınız?
- Hətta 30 faiz hazır olsa da, buraxacağıq. Çünki bəzi oyunçularda yüngül zədələr var.
- “Olimpiakos” da sizin kimi, hazır deyil. Bu sizi sevindirmir?
- Bəli, bu baxımdan pozitivəm. Düşünürəm ki, “Dinamo” ilə oyun daha çətin idi, nəinki “Olimpiakos”.
- “Neftçi” müsbət nəsə etmədi?
- Qələbə qazandı. Mən super komanda deyəndə az qala “Neftçi”dən çıxartdırırdınız. Bu gün mərhələ adlamışıq.
- Meydançanın ot örtüyü sizi qane etdi?
- Oyunun gedişində köməkçilərimlə meydançanı müzakirə etdik. Hətta matçı bir kənara qoymuşduq. Bu barədə ciddi danışığımız olacaq. Oyunçular gedə-gedə sürüşürdülər. Otabaxan mən deyiləm. Bir meydançamız var, onun da yaxşı olmasını istəyirik. Bu barədə rəhbərliklə yüz faiz danışacağıq.
- Transfer etmək istədiyiniz oyunçular arasında qapıçı var?
- Qapıçı bir az uzaqdadır deyə yadımdan çıxdı. Həqiqətən yeni qapıçı da lazımdır.