"Artıq meydana girəndən rəqibin böyüklüyü əzəməti görünür. Sabah hansı komandaya qarşı oynayacağımız bəllidir".
Sportal.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, komandasını çətin oyun gözləyir: "Çox təcrübəli və heyətində səviyyəli futbolçular olan komandaya qarşı oynayacağıq. Eyni zamanda rahatıq. Biz ilk mərhələdən fərqli olaraq, özümüzə gəlməyə başlamışıq. Belə qarşılaşmalar bizə formaya düşməkdə yardımçı olur. Uzun müddətdir Çempionlar Liqasından kənarda qalmışdıq. Belə rəqiblə oyun bizim üçün yaxşı təcrübə olacaq. İki oyundan ibarət cütdür. Sabahkı oyunun hansı ssenaridə keçəcəyi bəllidir. Psixoloji durumumuz həddindən artıq yerində olmalıdır".
Abasov rəqibin necə oynamasının da önəmli olduğunu söyləyib. Onun sözlərinə görə, "Olimpiakos" kimi keyfiyyətli oyunçulara sahib komanda ilə görüşlər Azərbaycan Premyer Liqasında demək olar ki, keçirilmir: "Tbilisi "Dinamo"su ilə oyunda boşluqlar versək də, rəqib istifadə edə bilmədi. İndi isə səhvləri minimuma endirməli, diqqətli olmalıyıq".
Baş məşqçi cavab görüşünədək hər hansı transferin gözlənilmədiyini də əlavə edib: "Hələlik danışılan transferlər yoxdur. 90 faiz deyə bilərəm ki, belə bir hal baş verməyəcək. Yeni transferlərdən Romen Bask daha hazırlıqlıdır, mütəmadi klubu ilə məşq edib, yalnız danışıqlarımız vaxtı klubsuz qalıb. Uqo Bastos isə bu baxımdan axsayır. Uzun müddət kollektiv məşqsiz qalıb, fiziki çalışmalarla kifayətlənib".
Abasov sabahkı oyunun çox önəmli olduğunu bildirib. Onun sözlərinə görə, Bakıya əlverişli nəticə ilə qayıtmaları realdır: "Rəqib bütün oyunlardan 30-31 futbolçusunu sınaqdan çıxarıb. Bu, baş versə, bizim üçün təcrübə olacaq. Amma biz bunu ümumiyyətlə nəzərdən keçirmirik".
Gənc mütəxəssis yenə transferlərə ehtiyac duyduqlarını vurğulayıb: "Dayanmamışıq, axtarırıq. Yaxın zamanlarda bir-iki oyunçu almağı düşünürük. Xüsusən, hücum xəttinə yeni oyunçu axtarırıq".
Baş məşqçi hazırkı rahatlığının komandaya da aşılandığını söyləyib: "Açığı, yay təlim-məşq toplanışını elə də yaxşı keçməmişdik. Amma artıq birinci mərhələni keçmişik. İndi rahat görünməyimiz rəqibin kimliyi ilə bəllidir. "Olimpiakos"a problem yaşatmağa çalışacağıq. Bu rahatlığın haradan gəldiyini bilmirəm. Təki oyundan sonra da belə olsun".
O, köməkçiləri ilə birgə apardığı təhlilin özü üçün yetərli olduğunu da diqqətə çatdırıb: "Əlavə kimlərdənsə məsləhət almağım artıqdır. Köməkçilərim bacardıqlarını ediblər. Bu da məncə, yetərlidir" (Report).
saytlarin hazirlanmasi