Namik Ələskərov əməliyyat olunacaq

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə dünən keçirilən oyund zədələnən Namiq Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı bu haqda klubun rəsmi saytına açıqlama verib:

 

“Oyun vaxtı aldığı zədə ilə əlaqədar Namiqə əvvəlcə meydanda, sonra paltardəyişmə otağında ilkin müdaxilələr oldu. Daha sonra diaqnozun dəqiqləşdirilməsi məqsədilə stadionun yaxınlığındakı klinikaya gedərək, onun kəllə sümükləri kompüter tomoqrafiyası olundu. Nəticədə, burun qanadlarında, əng sümüyündə - frontal və yan hissədə olmaqla 3 ədəd sınıq müşahidə edildi. Xəstəxanada yenidən müdaxilələr olundu. Sonra Namiq bizim maksimum nəzarətimizlə Bakıya gətirildi və bu gün klinikaya yerləşdirildi. Həm üz-çənə cərrahiyyəsi həkimləri, həm də burun-boğaz üzrə uzman doktorlar ümumi olaraq bu nəticəyə gəldik ki, hazırda Namiqin vəziyyəti ilə əlaqədar əsas problem olan hissə əng sümüyündəki frontal və yan hissədə olan sınıqla əlaqədardır. Bunun nəticəsində əng hissəyə sızan möhtəviyyat və xırda hava qabarcıqlarının ilk növbədə işlənməsi lazımdır. Burun-boğaz cərrahları ilə görüşdən sonra belə qərara gəldik ki, hazırda burun sümüklərində olan qırıqlara görə təcili əməliyyata ehtiyac yoxdur. Yəni hazırda burun çəpəri ilə bağlı ciddi narahatlıq yoxdur. Sonradan lazım olsa, rekonstruksiya və plastik məqsədilə bu əməliyyat icra edilə bilər. Amma hazırda əng sümüyündə olan deffektlə bağlı əməliyyat planlaşdırıldı. Bu əməliyyat sabah icra olunacaq. Sonra maksimum bir ay ərzində həm müalicə, həm də bərpa məsələləri həll olunacaq və Namiq komanda ilə məşqlərə qoşulacaq”.

 

Qeyd edək ki, ötən mövsüm Premyer Liqanın bombardiri olan Namiq Ələskərov bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə hər iki oyununda qol vurub.

Tarix: 22 İyul [18:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio