Samir Abasov: "Yaxşı motivasiya və əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq"

21:21 - 11 Avqust 2021

"Düşünürəm ki, iki fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik".

 

Sportal.az xəbər verir ki, xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis rəqibin yaxşı pressinq edən kollektiv olduğunu bildirib: "HİK həm də əks hücumlara yaxşı çıxan komandadır. Birinci matçda bunun şahidi olduq. Rəqib bizə ilk oyunda problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq. Bunun bizim üçün nə qədər problem yaradacağını bilmirəm. Futbolçular özlərini yaxşı hiss edirlər. Komanda olaraq buraya niyə və hansı məqsədlər üçün gəldiyimizi bilirik. Səfərdən yaxşı nəticə ilə qayıtmaq istəyirik".

 

Abasov artıq səfər qolu üstünlüyünün ləğv edildiyini xatırladıb: "Bəlkə də Bakıdakı 2:2 hesablı nəticə bizə sərf etmir. Rəqibin baş məşqçi bunun onlar üçün sərfəli nəticə olduğunu söyləmişdi. Sabah hər şeyi sıfırdan başlayacağıq. Yaxşı nəticə qazanmaq üçün döyüşməliyik. Yaxşı motivasiya və əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq".

 

Baş məşqçinin sözlərinə görə sabah çox şeyi həll edə bilərlər: "Bizim üzərimizdə təzyiq yoxdur. Oyunun çətinliyini başa düşürük. İnanıram ki, sabah hər şey yaxşı olacaq. Heç bir qayğımız yoxdur. Bu görüşdə çox şeyə aydınlıq gələcək. Bu gün ümumiyyətlə qayğıdan danışmaq istəmirəm. Bu heyətlə Yunanıstan "Olimpiakos"una və HİK-ə qarşı oynamışıq. Sabah bütün Azərbaycanı təmsil edəcəyik. Bakıya yaxşı nəticə üçün qayıtmaq niyyətindəyik".

 

Abasov rəqibin təşkilatçılığı haqqında da danışıb: "Otelin qabağında meydança versəydilər, hər nə olursa olsun yenə məğlubiyyət pis təsir edəcəkdi. Uyğunlaşmağa görə səfərə iki gün əvvəl gəlməyi planlaşdırırdıq. Onların bizim üçün etdikləri, bizim etdiklərimizin yanında heçə bərabərdir. Biz bütün rəqiblər üçün istənilən şəraiti yaratmışıq. Burada süni örtüklü meydanda məşq etməyi planlaşdırdıq, amma bizə elə meydan vermədilər. İnanmıram ki, bu, oyuna təsir edəcək. Sabah bir məqsəd üçün oynamalıyıq. Kənar amilləri qırağa qoymaq lazımdır".

 

Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (Report)

Xəbər xətti