"Məğlubiyyət və üzücü hesab ürəyimizcə olmadı və planlarımıza daxil deyildi. Birinci hissədən sonra ümidlənmişdik".
Sportal.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda rəqibin hücumlarının qarşısını alıblar: "Birinci hissədə evdəki matçdan daha yaxşı çıxış etdik və daha kompakt oynadıq. Amma ikinci yarı başlayanda qapımızda qol gördük. Bu komandaya qarşı qol vurmaqda çətinlik çəkirdik. Bu boşluğu doldurmaq istəyirdik. Qarşıda bizi çempionat və Konfrans Liqasının oyunları gözləyirik. Bu gün üçün tarixi nəticə əldə edə bilərdik".
Abasov komandada bəzi problemlərin olduğunu söyləyib: "Birinci qolda müdafiəçidən çox yarımmüdafiəçinin səhvi oldu. Sabir Buqrin vaxtında aşağı düşmədi və oyunçunu bağlamadı. Səhvləri sırf müdafiəçilərin üstünə atmaq istəmirəm. Oynatdığım sistemlə çempion olmuşuq. Bir həftə içində sistemi dəyişmək ağılsızlıq olardı. Problemləri sırf müdafiədə yox, komandada görürəm".
Baş məşqçinin sözlərinə görə, onların B planları olmayıb: "Hücuma oyunçu buraxmaq istəyirdik. Amma yoxdur. Bəzi futbolçulardan narazı qaldım. Bu oyun bizə göstərdi ki, qarşılaşmaların hamısı rahatlıqla keçmir. Bu da bir təcrübədir. İnanıram ki, futbolçular da hər şeyi başa düşür. Çempionata yorğun başlayacağıq".
Mütəxəsəsis Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Makkabi"nin (Hayfa, İsrail) oyununa baxdığını sözlərinə əlavə edib: "HİK-lə onlar arasında səviyyə fərqi var. Reallıqdan qaçmayaq. Bu komandaya qarşı bizi təhlükə gözləyir. Bəlkə də bu oyun ümidlərimizi qırıb. Sabah əhval-ruhiyyəmizin necə olacağını bilmirik".
Abasov 3-4 oyunçuya görə məğlub olmadıqlarını vurğulayıb: "Komanda şəklində mübarizə aparan kollektivə qarşı eyni cür oynamaq lazımdır. Bəzi epizodlarda axsayırdıq və boşluqlar buraxdıq. 3-4 futbolçuya görə oyun uduzulmuyub. Konfrans Liqasında daha bir şansım olacaq. Mirabdulla Abbasov illərdir ki, bu komandadır. Dediklərimi saxlayım bəlkə ağır olacaq. Həqiqətən hücum xəttində problem var. Azarkeşlər və digər şəxslər deyir ki, hansısa futbolçu niyə oynamır. İnanın mənə kim hazır idisə, onlar da meydana buraxılıb. Biz özümüzün və bu komandanın düşməni deyilik. Məsələn, Ömər Buludov oynamırsa, deməli səbəbi var. Ağır səslənsə də, bu görüşlər bizim üçün təcrübədir. Heç kim heç kimin düşməni deyil. Kim hazır idisə, o da oynayıb. Dünən mətbuat konfransından sonra ağlımızda başqa start heyət var idi. Məşqdən sonra isə fikir dəyişdi".
Baş məşqçi Sezar Meza Kollinin oyunu haqqında bunları söyləyib: "O, əsl bizim səviyyəmizdədir. Qaçmayacaqsa, deməli oynamayacaq. Bu, tək ona aid deyil. Bizim məqsədimiz onu komandaya uyğunlaşdırıb qazanmaqdır. Meza Kolli hazır formada deyil. O, hazırda hazırlıq prosesi keçən futbolçudur. İnanıram ki, bizim üçün çox işlər görəcək".
Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. (Report)
saytlarin hazirlanmasi