“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
– Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiz?
– Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.
– Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
– Çatışmazlıqlar çoxdur. Əvvəla, daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.
– Necə düşünürsüz, “Makkabi” səddini keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksizmi?
– “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə, evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.
– 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiz?
– Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.
– Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısız. Qarşıda azı iki oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiz?
– Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır.
saytlarin hazirlanmasi