Samir Abasov: "İlk matçda 3 qol vurmağı bacardıqsa, inanıram ki, sabah da bunu bacaracağıq"

20:49 - 25 Avqust 2021

Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa) – “Neftçi” cavab oyunu öncəsi mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Bu cür oyuna belə itkilərlə gəlmək heç də yaxşı hal deyil. Əsas heyətimizin 3 futbolçusu meydana çıxa bilməyəcək. Rəqibin nə qədər güclü olduğunu Bakıda gördük. Samballı, keyfiyyətli futbolçulardan qurulmuş komandadı. Konfrans Liqası üçün artıq olan rəqiblə qarşılaşacağıq. Həddən artıq keyfiyyətli hücum xətti var. Topa sahib olmaları, texnikalarını ilk oyunda hiss etdik. 3-4 gün əvvəl “Makkabi” kubok oyunu keçirdi. Həmin matçı izləyəndə də dəyişikliklərdən sonra komandanın nə qədər artırdığını gördük. Amma biz bura əl-qolumuzu sallayaraq gəlməmişik. Başa düşürük ki, son şansımızdı. Əlimizdən gələni etməliyik ki, Konfrans Liqasının qrupuna düşən biz olaq. Məqsədimiz rəqibin keyfiyyətli hücum xəttinə müqavimət göstərmək və Bakıdakı oyunumuzu davam etdirməkdi. Əgər ilk matçda 3 qol vurmağı bacardıqsa, inanıram ki, sabah da bunu bacaracağıq.

- Nikita Rukavitsa ilə müqavilə bağlamısız. Onu komandanıza götürməyinizə əsas səbəb nə oldu?
- Nikita Rukavitsa ilə müqavilə balamamışıq. Amma onunla danışıqlar gedir. Onun kimi bir neçə digər hücumçu ilə danışıqlar prosesindəyik. Bu informasiyanın hardan olduğunu bilmirəm. Nikita Rukavitsanın üzünü də görməmişəm. Agenti ilə danışıq aparırıq. Başqa da bir neçə futbolçu ilə əlaqə qurmuşuq. Uzağı bir həftə içində bu məsələlərə aydınlıq gələcək.

- İsrail mətbuatı “Neftçi”nin 3:1 önə keçdiyi anda mükəmməl futbol oynadığını və sabah da bunun baş verə biləcəyini yazır. Sabah da “Neftçi” İsrail mediasının “başını gicəlləndirə” biləcəkmi?
- İlk oyunun birinci hissəsindən də gözləntilərimiz çox idi. Təəssüf ki, əvvəldən planlarımız baş tutmadı. Fasilədən sonra hər şey yaxşı oldu. Sabah da bunu edə bilərik. Ancaq heyətlə bağlı baş sındırıcı itkilərimiz var. Xüsusilə Yusuf Lavalın yoxluğu ciddi itkidi. Bizi çox çətin oyun gözləyir. Belə möhtəşəm meydançada, azarkeşlərin qarşısında hər şey ola bilər. Güclü komandaya müqavimət göstərərək, yaxşı nəticə əldə etmək istəyirik.

- Bakıda 3 qol yetmədi. Sabah neçə top vurmaq lazımdı?
- Sabah oyunumuzu düzgün qurmalı, həddən artıq diqqətli olmalıyıq. Sabah ilk məqsəd top buraxmamaq olacaq. İlk oyunda rəqibə imkanlar verdik. Bunları aradan qaldırmalıyıq. Bildiyimiz hücumların qarşısını kəsə bilsək, yaxşı nəticə ilə qayıtmaq barədə nikbinik.

- İtkilərin fonunda heyəti formalaşdırmısızmı?
- İlk oyundan sonra variantları fikirləşməyə və məşqlərdə işləməyə başladıq. Təəssüf ki, arada “Zirə” ilə matç oldu, bu istiqamətdə tam hazırlaşa bilmədik. Heyətimiz təxminən bəllidi. Ancaq bunu açıqlamayacam. Rəqibi balansdan çıxara bilsək, məqsədimizə çatarıq.

- Müdafiə xəttiniz bu oyunun stresinə hazırdı?
- Hazırdı. Bütün futbolçular hazırdı. Səhvlər tək müdafiəçilərlə bağlı deyil. Bütün komandanın buraxdığı boşluqlardan qaynaqlanır. Əlimizdə olan futbolçuların hamısı tam hazırdı.

- Çempionat oyununda gənclərə şans verdiz, əsas heyət üzvləri istirahət etdi. Bu, komandanızın yorğun üzvlərinə kömək oldumu?
- Həmin futbolçulara çox kömək oldu. “Makkabi” matçı bizim üçün çox ağır və stresli keçdi. Bəlkə də yorğunluqdan belə səhvlər etməyə başlamışdıq. Son oyunda gənclərin meydana çıxmasında məqsəd də o idi ki, yorğun futbolçularımıza istirahət verək. (Futbolpress)

Xəbər xətti