Aftandil Hacıyev: "Futbolçuların çoxu Premyer Liqada oynadığını dərk etməlidi"

19:35 - 18 Sentyabr 2021

Premyer Liqanın 5-ci turunda səfərdə "Qəbələ"yə 0:5 hesabı ilə uduzan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

 

- Danışılası çox şey yoxdu. "Qəbələ" bütün komponentlərdə bizi üstələdi. Hesab da oyunu əks etdirir. Baxmayaraq ki, qələbələr var, amma hər tur daha ağır keçir.  Turdan-tura futbolçuları hazırlamaq çətindi. Bu gün istəmədiyimiz məğlubiyyət aldıq. Amma çempionatda belə məğlubiyyətlər olacaq. Xüsusilə də bizim üçün belə məğlubiyyətlər gözləniləndi. Stabil oynamağımız üçün, bir çox amillər var ki çatışmır. Rəqiblərimizdən geri qalsaq da, bu gün heç bir bəhanə gətirmək istəmirəm. "Qəbələ" bizi tam üstələdi və layiqli qələbə qazandı. Onları təbrik edirəm. Biz isə növbəti oyunu düşünəcəyik. Futbolçularımızın bir çoxu  Premyer Liqada oynadığını dərk etməlidi. Hər bir futbolçu üçün bu, ciddi sınaqdı. Bu sınaqdan üzüağ çıxmaq lazımdı, amma bu gün üzüağ çıxa bilmədik.

 

- "Səbail"in "Sumqayıt"la matçdakı kimi oynamaması nə ilə əlaqələdi?

- Bəhanə kimi çıxmasın, amma səbəbləri biz özümüz oyundan əvvəl hiss edirdik. Həftəiçi normal məşq edə bilməmişdik. İtkilərimiz var. Sintetik meydanda oynadıqdan sonra futbolçular həddən artıq çox güc sərf edir. Düzdü, rəqiblərimiz də gəlib oynayır. Bunların hamısı amillərdi, amma bəhanə deyil. Bundan qabaqkı turlardakı "Səbail"i mən də görə bilmədim. Amma çalışacağıq ki, əsas oyunçularımızı tez bir zamanda bərpa edib, növbəti turlarda yenə istədiyimiz oyunu nümayiş etdirək.

Xəbər xətti