“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri matçı şərh edib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Rəqibi təbrik etmək istəyirəm. Oyuna itkilərlə gəlmişdik. “Qarabağ”la matç çox ağır keçdi. Maksimum mübarizə aparmağa çalışdıq. Pis futbol oynamadıq. İlk hissədə yaxşı qol imkanlarımız oldu. Hakimin nəticəyə ciddi təsiri oldu. İlk hissədə Nikolas Rayselin epizodunda ofsayd yox idi. İkinci hissədə oyunu nəzarətə almağa çalışdıq. Höccətlə Rayselin münaqişəsində bizim futbolçuya “qırmızı”, rəqibə "sarı" verildi. Nə üçün belə qərar oldu, anlamadım. Hakimlər belə matçlarda daha ciddi olmalıdır. Bəlkə də, “Səbail”i çox araşdırmırlar. Amma bizə qarşı çox səhvlər olur. Bilmirəm, bəlkə kimsə dayaqsız, iddiasız olanda belə edirlər? Qəbələdə uduzduğumuz oyunda mənasız vərəqələr verilir. Onsuz bizim heyətimiz kasaddır. Artıq 3-cü oyundur ki, azlıqda qalırıq. Mənim kimi səbrli adam da artıq dözmür. Bilmirəm bu səhvlər nədən irəli gəlir. Məğlub olduq, “Sumqayıt”ın qələbəsinə kölgə salmıram. Ümimiyyətlə, hakimlər bizə qarşı diqqətli olsa, yaxşı olar. Çalışacağıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq.
- Raysel meydanı tərk edəndən sonra hücum planında axsaqlıq oldu. Komandanın hücum planı onun üzərində qurulub?
- Heç bir komandada hücum xəttində bu qədər yerli futbolçular olmur. Keyfiyyət digər komandalara nisbətən aşağı ola bilər. Hər oyun kifayət qədər qol imkanımız oldu. “Qarabağ”, “Neftçi” kimi rəqiblərlə oyunda da 5-6 qol fürsəti yaradırıq. Mən futbolçularımdan razıyam.
- “Qarabağ” üzərindəki qələbədən sonra futbolçuların eyforiyaya qapıldığını düşünmürsüz?
- Düşünmürəm ki, istəksiz oynadıq. Belə bir şey müşahidə etmədim. İlk qolu vuran komandanın qələbə qazanmaq şansı daha yüksək olur. Futbolçuların oyunundan narazı qala bilmərəm. Onsuz da futbolçular aşağı məvaciblə oynayır. Bu gecikəndə də artıq sıxıntılar başlayır. Artıq bunlar düzəlib. Problem tez həll olunub. Əvəzedici komanda da demək olar ki, yolpuluna oynayır.
- “Səbail”in durumu sizi bezdirmirmi? Daha iddialı bir komandaya keçməyi düşünmürsüz?
- Hər kəs istəyər ki, əlində yaxşı bir heyətlə çalışsın. Bezməmişəm. Sevdiyim işi görürəm. Uzun müddətdir burdayam. Könül istər ki, şərait daha yaxşı olsun. Buna baxmayaraq, həvəsdən düşmürük. Onsuz da qarşımıza böyük hədəflər qoyulmayıb. Gələcəkdə necə olacağını bilmirəm. “Səbail” mənə ilk qapı açan klubdur. Öz xoşumla getməyi düşünmürəm. Karyeram üçün xeyirli olan nədirsə, onu etməyi düşünürəm. Hazırda bütün diqqətim “Səbail”dədir.
- Meydançanın örtüyü ilə bağlı danışdız. Rəhbərlik təbii örtüklü meydançaya keçməyi düşünür?
- Mövsümün əvvəlində rəhbərliklə danışdıq. Hazırda bu mövzu aktuallaşıb. Bəlkə, bu məsələnin həllini sürətləndirərlər.
saytlarin hazirlanmasi