"Kəpəz"in kapitanı: "Bu dəfə kubokda daha irəli getmək istəyirik"

16:16 - 10 Dekabr 2021

Azərbaycan Kubokunun 1/8 final mərhələsində dekabrın 11-də səfərdə “Sabah” ilə qarşılaşacaq “Kəpəz” oyuna hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” Bakıda məşq edirlər. Komandanın kapitanı Əli Səmədov klubun mətbuat xidmətinə açıqlama verərək matçla bağlı fikirlərini bölüşüb: “Görüşə ciddi hazırlaşırıq. Bunu deməyə ehtiyac yoxdur. Kubok oyunudur, rəqibimiz də Premyer Liqa təmsilçisidir. “Sabah”ın güclü heyəti var. Deyərdim ki, buna görə “Qarabağ” və “Neftçi”dən bəlkə də geri qalmırlar. Komanda olaraq hamı oyuna məsuliyyət ilə yanaşır. Hazırlığımız yaxşıdır”.

 

Tərəflər kubokun ötən mövsümündə də bu mərhələdə qarşılaşıblar. Həmin vaxt “Kəpəz” səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Yeri gəlmişkən, kapitan həmin oyunda qələbə qolunun müəllifi olub: “Bu ildə mərhələ adlayan tərəf olmaq istəyirik. Niyə də olmasın?! Əlimizdən nə gəlirsə, edəcəyik. İnşallah, keçən il imza atdığımız nəticənin davamını gətirmək istəyirik. Bu dəfə daha irəli getmək istəyirik. Açığı, əsas məqsədimiz də budur. Yaxşı oyun nümayiş etdirib qələbə qazanmaq niyyətindəyik. Bu il daha güclü və təcrübəli heyətimiz var”.

Xəbər xətti