Rüstəm Məmmədov: "Zaqatala" Premyer Liqaya layiq komandadı"

16:59 - 10 Dekabr 2021

"Zaqatala" Azərbaycan Kubokunun 1/8 finalında "Səbail"ə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov oyundan sonra CBC Sport kanalına açıqlama verib:

 

"Rəqib komandanı, Aftandil Hacıyevi təbrik edirəm. Gələcək oyunlarda uğurlar arzu edirəm. "Simurq"un vaxtından bilirik ki, Zaqatala bütün rəqiblər üçün ağır səfər olur. İlk hissədə oyunu ələ almaqda çətinlik çəkdik. Rəqib Premyer Liqa klubu olduğu üçün futbolçularımızda çəkinmə var idi. Buna görə də bir az rahat deyildilər. Plana görə ilk hissədə əks hücumda oynamağa, rəqibin oyununu pozmağa çalışırdıq. Rəqibi fiziki cəhətdən yorub ikinci hissədə öz oyunumuzu göstərmək istəyirdik.

 

Hesabı bərabərləşdirəndən sonra bir az arxayınlıq oldu. Bir neçə gün öncə çempionatda "Sumqayıt-2" ilə oynamışdıq. Ona görə bizdə də yorğunluq var idi. Bu baxımdan bir az problemimiz oldu. 70-80-ci dəqiqəyə kimi gücümüz çatdı. Sonlarda epizodlarımız olsa da, keyfiyyət baxımından sonluğu gətirə bilmədik. Yəqin ki, oyunumuzla azarkeşləri sevindirdik. Təəssüf ki, nəticə bizim üçün qənaətbəxş olmadı. "Zaqatala" Premyer Liqaya layiq komandadı. Gələcəkdə əlimizə şans düşsə, yaxşı istifadə etməyə çalışarıq".

Xəbər xətti