Azər Əliyev "Neftçi"də legioner kimi oynayacaq

16:15 - 31 Yanvar 2022

“Neftçi” Azər Əliyevin qeydiyyatı üçün lazım olan sənədləri Peşəkar Futbol Liqasına təqdim edib. Azərbaycan əsilli futbolçu Rusiya vətəndaşı olduğundan legioner kimi çıxış edəcək.

Sportal.az xəbər verir ki, bu barədə “FutbolPress”ə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verdi. O, praktikada sonradan statusun dəyişdirilməsinin mümkün olduğunu söylədi:

“Rusiya Premyer Liqasında çıxış etmiş futbolçunun ümumi çempionatımıza maraq qatacağını hesab edirik. “Neftçi” az öncə futbolçunun qeydiyyatı üçün lazım olan sənədləri Peşəkar Futbol Liqasına təqdim edib. Oyunçu qeydiyyatı zamanı onun sənədlərinə baxılır və onlar əsas götürülür. Azər Əliyevin qeydiyyatı onun sənədlərinə uyğun olaraq həyata keçirilib və legioner oyunçu kimi çıxış edəcək. Hadisələrin necə inkişaf edəcəyinə uyğun olaraq məsələyə qayıda bilərik. Təcrübədə futbolçunun sənədləri dəyişdirildikdə və müqavilə detallarına yeniləmələr edildikdə oyunçunun statusunun dəyişdirilməsi var”.

Azər Əliyevə Azərbaycan vətəndaşlığı veriləcəyi və futbolçunun milli komandaya cəlb olunacağı gözlənilir. “Neftçi” də onun yerli oyunçu statusunda oynamasına çalışır. Ancaq görünür, hələlik sənədləşmə işlərini tamamlamaq mümkün olmayıb. Klub prosesin sürətləndirilməsi üçün AFFA-ya müraciət edib. 

Xəbər xətti