Musa Qurbanov: "AFFA "Zaqatala"ya da Bakı klubları kimi yanaşmalıdır" - MÜSAHİBƏ

16:32 - 9 Fevral 2022

“Zaqatala” klubunun prezidenti Musa Qurbanov Qol.az-ın suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Azərbaycan Premyer Liqasında yeni mövsümdən 10 komandanın iştirak edəcəyi açıqlandı. Bu mövzu gündəmə gələndə yada düşən klublardan biri də “Zaqatala” olur. Bununla bağlı AFFA-dan sizə hər hansı müraciət olunubmu?

- Xeyr. Bizə bu məsələ ilə bağlı heç bir söz deyilməyib.

 

- Klubunuz Premyer Liqada iştirak üçün hər hansı bir iş görülür?

- Bu, bizdən asılı olan bir şey deyil. Lisenziya üçün lazım olan sənədlərin hazırlanmasını tapşırmışam. Belə işlər üçün maliyyə lazımdır. O da bizdən yox, AFFA-dan asılıdır. Futbolumuzun bugünkü durumunda belə işlər AFFA-nın istədiyi təqdirdə həyata keçə bilər. Biz uzun müddət sponsor axtardıq, amma tapa bilmədik. 

 

-  AFFA-dan asılıdır deyəndə nəyi nəzərdə tutursunuz? AFFA güzəşt edərək klubu Premyer Liqaya buraxmalıdır, yoxsa maliyyə dəstəyi göstərməlidir? 

- O biri klublara necə dəstək göstərilirsə, “Zaqatala”ya da eyni yanaşma olmalıdır. Bizə dəstək göstərilməlidir ki, yüksək liqada çıxış edə bilək. Əks-halda Premyer Liqada oynamağımız real görünmür. Məsələn, “Səbail, “Keşlə” kimi klublar maliyyələşdirilir. Yəni, Premyer Liqada 10 komanda mübarizə aparacaqsa, yəqin ki, həmin artırılan 2 klub AFFA tərəfindən maliyyələşdiriləcək. Sponsoru olan klublar öz hesabına lisenziya ala bilir. Amma bizim sponsorumuz yoxdur. Ona görə də yüksək liqada çıxış etməyimiz AFFA-nın istəyindən asılıdır. 

 

- “Zaqatala” maliyyə meyarından başqa bütün tələblərə cavab verir?

- Bəli. Azərbaycandakı reallıqdan danışsaq, hazırda Premyer Liqada oynamayan komandalar arasında ən yaxşı infrastruktur “Zaqatala”nındır. Baza, stadion hər şey yerindədir. Məşq etmək üçün köməkçi meydançamız da var. Bir az əl gəzdirilsə, klub yüksək liqada oynamağa tam hazırdır. Bundan əlavə, əgər bölgələrdə futbolun inkişaf etməsini istəyiriksə, gərək region klublarına diqqət ayrılsın. Zaqatala, Qax həmişə futbola yararlı bölgələr olub. Əvvəllər Azərbaycanda 2 futbol təmayüllü məktəb var idi. Bunlardan biri Zaqatalada, biri də Bakıda yerləşirdi. Onlar çox yaxşı fəaliyyət göstəriblər. Amma klubların Premyer Liqada çıxış etməsi üçün hansı prinsiplər əsas götürüləcək, onu bilmirik. Bunlar artıq bizdən asılı olan məsələlər deyil. 

 

- Siz özünüz növbəti mövsümdən etibarən Premyer Liqamızda 10 komandanın mübarizə aparacağına inanırsınızmı? Bizə verdiyiniz son müsahibədə buna inanmadığınızı bildirmişdiniz...

- Mən ötən il müsahibəmdə bildirmişdim ki, buna 10 faiz də inanmıram. Amma son vaxtlar bu mövzu çox aktuallaşıb. Yeni Gənclər və idman nazirinin futbola münasibəti, görüşlərdəki çıxışları, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun açıqlamaları çempionatda 10 komandanın oynayacağına əsas verir. 

 

- Sizcə, Premyer Liqaya gələcək 2 klub hansılar olmalıdır?

- Mən həmişə demişəm ki, cənub, qərb, şimal-qərb bölgələrindən komandalar yüksək liqada mübarizə aparmalıdır. Məsələn, cənub bölgəsində hər zaman yaxşı futbolçular olub. Qərb zonasında ümumiyyətlə, futbol ənənəsi var. Gəncədə, Şəmkirdə, Qazaxda həmişə yaxşı klublar olub. Yəni, hər bir zonadan 1 komanda yarışmalıdır. Balakən və Şəkidə futbol ənənəsi o qədər də çox olmayıb. Amma Zaqatala və Qaxda belə deyil. “Zaqatala” 1967-ci ildə rayonu təmsil edən yeganə komanda kimi SSRİ çempionatında çıxış edib. Ağdam, Naxçıvan, Qazax, Lənkəranda daha sonra futbol ənənəsi yaranmağa başlayıb. 

 

- Qeyd etdiniz ki, probleminiz yalnız maliyyədir. Çempionatda 10 komandanın oynayacağı ilə bağlı xəbərdən sonra sponsor sarıdan heç bir canlanma yoxdurmu? 

-  Xeyr, yoxdur. Hamı fikirləşir ki, Premyer Liqaya yüksələcək 2 komanda “Kəpəz” və “Turan Tovuz” olacaq. Çünki gedişat bunu göstərir. 

 

- Bəs, “Zaqatala” artıq bununla barışıb? 

- Xeyr, barışmamışıq. Mübarizə aparacağıq. Sadəcə, məsələ odur ki, komandalara hansı prinsiplər əsasında lisenziya veriləcək. Danışmaq üçün gərək insanın əlində arqument olsun. Əks-halda nə söyləyəcəksən? Nə desən, cavabını verəcəklər. Əsas maliyyə dəstəyi həll olunmalıdır. Danışmaqla özümüzü aldadırıq.

 

- “Zaqatala”nın yüksək liqada çıxış etməli olduğunu dediniz. Bəs, Premyer Liqada mübarizə aparmalı olan 2-ci komanda hansıdır? 

- Mən istərdim ki, “Kəpəz” də, “Turan Tovuz” da, “Zaqatala” da Premyer Liqada oynasın. Əgər çempionatda 10 komanda yarışacaqsa, Bakıdakı klublardan birini qeyd etdiyim digər bölgələrə köçürmək olar. Bu variant məncə, daha məntiqlidir. Amma bir məsələ də var. Baxın, “Qaradağ-Lökbatan” hazırda birinci divizionda ilk pillədədir. Sabah onların bunu deməyə haqqı var ki, xeyir ola, biz 1-ci yeri tuturuq, nəyə görə yüksək liqada çıxış etməyək? Bəlkə, onlar maliyyə problemlərini də həll edəcəklər? Bəs, bu vaxt necə olacaq? 

 

- Bu, əslində futbol ictimaiyyətini qane etməz. Hamı Premyer Liqaya bölgə təmsilçisinin buraxılmasını istəyir. 

- Düzdür. Amma onların da Premyer Liqada oynamaq haqları var. Əlbəttə ki, “Qaradağ-Lökbatan” yüksək liqada oynasa, yarış yenə Bakı çempionatı olacaq. Sadəcə, “Qaradağ-Lökbatan” 1-ci yerdədirsə və maliyyə şərtlərinə cavab verirsə, onların Premyer Liqada oynamağı tələb etmək haqqı var. Çünki “Qaradağ-Lökbatan” da yaxşı infrastruktura malikdir. 

 

- Hazırda “Zaqatala”nın birinci divizionda işləri o qədər də yaxşı getmir, komanda 8-ci pillədədir.  Yəni, əvvəlki illərdə daha yaxşı çıxış edirdiniz...

- Bilirsiniz, “Zaqatala”da futbolçu saxlamaq çətindir. Onlar burada qalmaq istəmirlər. Məsələn, başqa klublar bizim futbolçularımıza daha yaxşı şərtlər təklif etdilər. Onlar da komandadan getdilər. Biz də futbolçu tapa bilmirik. Onsuz da əslində oyunçulara nə biz normal şərait yarada bilirik, nə “Kəpəz, nə də “Turan Tovuz”. Yəni, perspektiv yoxdursa, mən heç futbolçunun birinci divizionda oynamasının tərəfdarı da deyiləm. Vaxtında gedib başqa işlə məşğul olsalar, daha yaxşıdır. Əgər onun gələcəyi yoxdursa, zamanında özünə uyğun iş ilə məşğul olsun. Çünki futbolçu ömrü qısadır. O illərdə də özün üçün nəsə edə bilməsən, gələcəkdə də iş qurmaqda çətinlik çəkə bilərsən. Bizim aparıcı futbolçularımız “Kəpəz”ə, Bakı klublarına getdilər. Onların yerini doldurmaq get-gedə çətin olur. Bizim komandamızın yarıdan çoxunu isə yerli oyunçular təşkil edir.

Xəbər xətti