"Neftçi" Azərbaycan Premyer Liqasının 18-ci turunda doğma meydanda "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- Kənarda nələr çəkdiyimizi bir Allah bilir. Qol vurmadıqca, oyun sona yaxınlaşdıqca həm futbolçularda tələskənlik, həm də bizdə həyəcan hiss olunurdu. Şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Futbolçular qələbə istəyini sona kimi saxladılar. Oyunun kontrolunu əldə saxlamaq o qədər də önəmli deyil. Təmkini saxlamaq, həyacana düşməmək lazımdır. Bunu da bu gün futbolçularım göstərdilər. Onları təbrik edirəm. Yolumuza davam edəcəyik.
- Bir baş məşqçi kimi yeni transferlərdən hansının oyunu sizə daha xoş təsir bağışlayıb?
- Yeni transferlərdən heç birini ayırmazdım. Onların vəziyyətlərini başa düşürəm. Adapyasiya prosesindən keçirlər. Əsas odur ki, onların məşqdə göstərdiyi oynamaq istəyi məni həddən çox razı salır. Bəlkə də kimsə hansısa oyunda seçilə bilər. Mənim üçün o qədər önəmli deyil. Hamısı yaxşıdır.
- Son zamanlar Ramon Maçado yaxşı formadadır. Onun əsas heyətdə olacağını gözləyirdik. İlk dəqiqələrdən Tiaqo Bezerranın oynamağının səbəbi nə idi?
- Komandada balansı qoruyub saxlamaq çox önəmlidir. Elə oyunlar var ki, əvvəlki matçlarda nə etməyin önəmli deyil. Bu gün Maçado oynamasa, anlayışla qəbul edəcək. Bəzi oyunlarda sistemi dəyişirsən. Bu gün məhz ona görə belə seçim etdik. Maçado ilə Bezerranı bir-birindən ayırmıram. Fikirləşirəm ki, çempionatımızda Tiaqo Bezerra kimi hücumçu yoxdur.
- "Qarabağ" - "Qəbələ" matçında hansı nəticənin qeydə alınmağı "Neftçi" üçün faydalı olar?
- Hansı nəticə olursa-olsun, bizim öz oyunlarımız daha önəmlidir. İlk dördlükdə olan rəqiblərlər qarşılaşanda stressə girməmək lazımdır. Bu oyunları keçsək, hər şey öz-özünə yerinə oturacaq. Sabah hansı nəticə olsa da, məncə qazanan biz olacağıq.
- Sosial şəbəkələrdə ən çox tənqid olunan futbolçu Xəyal Nəcəfovdur. "Neftçi"yə layiq olmadığını deyirlər. Onu əvəzləməyiniz oyununun alınmamağı ilə bağlı idi?
- Xeyr. Ayağından zərbə alıb. Ayağı şişib, vəziyyətinin nə yerdə olduğu bilinmir. Xəyalı uzunmuddətli itirə bilərik. Sırf buna görə onu əvəzlədik. Sosial şəbəkələrə gəlincə isə, hərənin bir fikri ola bilər. Hamısını normal qəbul edirik. Əsas odur ki, Xəyal bizim üçün yararlıdır.
- Ukraynada oynayan azərbaycanlı futbolçular var. Onlardan hansını komandanızda görmək istəyərsiz? Maraqlandığınız var?
- Xeyr, belə bir şey yoxdur. Ümumiyyətlə fikirləşməmişik, bu haqda söhbət getmir. Tezliklə Ukraynada müharibənin bitməyini arzulayırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi