"Kəpəz"ə tanınmış gürcü məşqçi təklif olundu – Maaşını da özləri verir

22:30 - 17 May 2022

Premyer Liqaya buraxılan “Kəpəz”də hələ də bir çox suallar cavabsız qalmaqdadır.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, komandanı yüksək dəstəyə Yaşar Vahabzadənin hazırlayacağı deyilir, hətta özü də bu haqda məlumatlandırılıb.

 

Təcrübəli mütəxəssisin postunda nə qədər duruş gətirəcəyi sual altındadır.

 

Çünki yerli publika komandanın başında gəncəli mütəxəssisin dayanmasını istəyir. Kənardan gələn məşqçiyə Gəncədə heç vaxt isti münasibət göstərilməyib, bu gün də eyni cürdür.

 

“Kəpəz” və Gəncə futbolu ilə bağlı sosial şəbəkə hesablarında gəncəli məşqçilərin adı hallanır: Mahmud Qurbanov, Azər Məmmədov, Etibar İbrahimov...

 

Daha bir maraqlı məlumat isə Omari Tetradzenin adının “Kəpəz”lə yanaşı hallanmasıdır.

 

Belə ki, Rusiyada yaşayan gəncəli iş adamları sevimli komandalarının “sükanı” arxasında Mahmud Qurbanovla Azər Məmmədovdan birinin görünməyəcəyi halda, çıxış yolunu kollektivin gürcü çalışdırıcıya tapşırılmasında görüb.

 

Həmin şəxslər Tetradzeni Gəncəyə göndərməyə və aylıq maaşını özlərinin ödəməsinə hazır olduqlarını qeyd ediblər.

 

Başqa bir paylaşımda Tetradzenin "Kəpəz"i çalışdırmağa hazır olduğu yazılıb.

 

İrəli sürülmüş təklif sosial şəbəkələrdə gəncəli futbolsevərlər tərəfindən sevinclə qarşılanıb.

Xəbər xətti