"Kəpəz" iş adamlarından dəstək istədi

“Kəpəz” dəstək üçün iş adamlarına müraciət edib.

Sportal.az xəbər verir ki, bununla bağlı klubun feysbuk hesabında paylaşım edilib.

Müraciətin mətni belədir:

"Dörd illik fasilədən sonra “Kəpəz” yenidən Premyer Liqada mübarizə aparacaq. Qədim futbol ənənələrinə malik Gəncə layiq olduğu yerə - elitaya qayıdır. Bu dönüşümüz doğma şəhərimizin, klubumuzun adına, tarixinə, qazandıqları titullara layiq olmalı, “Kəpəz” ruhu titrəməlidir.

Bunun üçün “sarı-göylər”ə maddi və mənəvi dəstək mütləqdir. Sonuncu amil sarıdan komandamızın bəxti digər klublardan daha çox gətirib. Bu gün “Kəpəz” Azərbaycan futbolunda ən böyük azarkeş ordusuna malik klubdur. Gəncə təmsilçisi çempionat oyunlarında tamaşaçı sayına görə özünəməxsus rekordları yeniləməklə öyünür. Təsadüfi deyil ki, “12-ci oyunçu” sözü daha çox “Kəpəz” azarkeşlərinə uyğun gələn ifadədir. Və biz bu cür fanatlarımızla qürur duyur, fəxr edirik.

Amma müasir futbolda uğurlu çıxışı şərtləndirən amillərdən ən birincisi şübhəsiz ki, maddi məsələdir. Nailiyyət qazanmaq klubun maliyyə təminatına bağlıdır. Odur ki, “Kəpəz” PFK gəncəli iş adamlarına, futbolu sevən biznesmenlərə dəstək üçün müraciət edir. Bu gün klubumuz maliyyə yardımına ehtiyac duyur. “Kəpəz”in hesabına müxtəlif şirkətlər və sahibkarlar tərəfindən maliyyə vəsaiti köçürülə bilər ki, bu da komandamızın büdcəsini artırmaqla uğurlu çıxışa kömək olacaq. “Kəpəz” ailəsi olaraq bizimlə birlikdə irəliləmək istəyən sponsorlara çağırış edirik. Futbolun inkişafını əhatə edən investisiya təkliflərini dəyərləndirməyə hazırıq! Klubumuza sərmayə qoymaq, futbolun inkişafını birgə təmin etmək üçün yolunuzu gözləyirik!

Kəpəz zirvədir, həmişə zirvədə olun!"

Tarix: 26 May [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio