Həyasızlığın rahatlığı

12:43 - 28 Mart 2023

Yenə hamı “buldozer effekti” arzulayır. Hansısa fövqəlqüvvənin  AFFA-nı “süpürüb təmizləməsini”, səhmana salmasını, ora yeni dibçəklər əkməsini.. kadrlar qoymasnı arzulayır. Daim mücərrəd qüvvədən, qeybdən çarə gözləmək...

İllərdir heç bir müsbət dəyişikliyin olmaması elə məhz bu təfəkkürün sayəsindədir. Futbol ictimaiyyətinin nə etməli olduğundan tutmuş, kritik məqamlarda real təzyiq mexanizmlərinin işlənməsi üçün nələr edilməlidir – çox az nümunələrə rast gələ bilərsiniz. Lap az. Hətta belə yazılar, tezislər qarşınıza çıxa-çıxmaya; o qədər azdır...

***

Popsa əsrində kimdir fundamental söhbətləri oxuyan? Hamı falçı mahiyyəti cümlələrə hayıl-mayıl olmaq istəyir – yetmiş milyon ildir ki, “kimlərsə harasa gedir”, “kimlərsə gəlir”. Nə gedən var, nə gələnin təpəri. Gələn varsa, son iki oyundakı rüsvaylıq müqabilində niyə özünü büruzə vermir?

Niyə futbolumuzun utancverici nəticələrindən məzlum, əsəbi hala düşmüş azarkeşləri öz ideyasıyla xilas edəcəyinə iddia edən “uilyam uolloslar” görsənmir, əcəba? Nə məsələdir? Elə biz qışqıraq, yırtaq özümüzü?

Bir qism media, bir qism futbol fədaisindən başqa nə vaxt belə bir təpər obyekti/subyekti gördünüz?

***

Bilərəkdən və ya bilməyərəkdən “yuxu rejiminə” salınıb futbol camiəmiz boş hay-küyçü etirazlarla. Onlar eləcə “qışqırıb emosiyalarını boşalda bilərlər” belə məqalələrlə, işin mahiyyətini, problemin tərkibini bilən camiə isə heç vaxt qışqırmaz, rasional həll yollarına baş vurar.

Azərbaycanın futbol camiəsi, onun fundamental fikir yükü o qədər zəif, təsirsizdir ki, 5 cavabsız qolla məğlubiyyətə şərh verən baş məşqçi deyir ki, əla oynadıq.

Bunun bir yozumu var – sizin futboldan anlayışınızın olduğuna inanmıram, məzələnirəm.

Dünya tarixində 5 qol yeyən və nəinki qol vura bilməyən, qol vəziyyətinə belə yaxın düşməyən komandanın çalışdırıcısı əla oynadıqlarını iddia edə bilməz. Ona əvvəlcə gülərlər, sonra “çarmıxa çəkərlər”...

Uzağa getməyə gərək yoxdur, elə 5 qolu qapımıza pərçimləyən İsveç millisinin baş məşqçisinə əhsən deməyiblər, əksinə, tənqidi suallarla əməlli-başlı hirsləndiriblər. Bəli, bəli. Oyunsonrası stand-up çəkilişində də, mətbuat konfransında da...

Futbolu bilən camiə budur. Bundan əvvəlki böyükhesablı Belçika məğlubiyyəti bağışlanmayıb o mütəxəssisə, son dönəm millinin zəif çıxışı unudulmur və Azərbaycanla böyükhesablı qələbənin real mahiyyəti əks etdirmədiklərini təhlil edə biləcək qədər rasional və hazırlıqlıdırlar.

***

Azərbaycanda futbolu sevirlər, bilirlər. Bu, emosional özünümüdafiə instiktindən doğan fikir deyil, cildlərlə sübut gətirmək olar. Burda qeyri-ciddi açıqlamalar “həzm olunmur”. 5 qol buraxan komandanın nəinki əla, yaxşı oynadığını belə iddia etmək, yumşaq desək, həyasızlıq tələb edir.

İki oyuna 9 qol buraxan, meydanda nə etdiyini bilməyən, bəzən hətta ikinci-üçüncü ötürməni səhv edən, rəzil vəziyyətə düşən komandanın əla futbol oynadığını demək Azərbaycanın futbol bilicilərinə də həqarətdir. Byazinin və millini bu kökə salanların dərsini verərlər yəqin...

Elçin Cəlilov (Futbolpress.az)

Xəbər xətti