Millimizin Polşaya biabırçı məğlubiyyətinin xatirəsi: "Elə bil 0:8 uduzan onlar deyildi"

14:18 - 28 Mart 2023

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun ikinci turunda İsveçə 0:5 hesabı ilə məğlub oldu.

Sportal.az xəbər verir ki, Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, hazırda isə Bosniya və Herseqovinadakı səfirimiz Vilayət Quliyev feysbukda milli barədə paylaşım edib. O, 2005-ci ildə Azərbaycan millisinin Polşaya 0:8 hesabı ilə məğlub olduğu görüşü xatırlayıb:

"Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın  müdafiə naziri  V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub "Bu, futboldur" dedi. Hər dəqiqə hər şey dəyişə bilər. Dördüncü qol vurulanda isə "futbol boş şeydir" deyə, ürək-dirək verdi. "Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha  heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi. Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar. Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi "uduzacağımızı bilirdim, amma day belə hesabla yox" dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan... Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir..."

Xəbər xətti