"İsveç - Azərbaycan matçını izlədim. İsveç millisi çox yaxşı səviyyədədir. Azərbaycan üçün səfər oyunu çətin alındı. İsveçi səfərdə məğlub etmək asan məsələ deyil. Doğrudur, bunu Belçika millisi etmişdi. Onların hansı səviyyədə olduğunu hamımız bilirik. Ümid edirəm ki, Azərbaycan millisi gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Jiloan Hamad deyib.
1990-cı ildə Bakıda dünyaya gələn Hamad İsveç millisinin də sabiq üzvüdür. Zamanında AFFA ona millimizdə oynamağı təklif etsə də, futbolçu İsveç, daha sonra İraq millisində oynamağı seçmişdi. İsveç futbolunun yetirməsi olan Hamad Azərbaycanın AVRO-2024-ün seçmə mərhələsinin Solnadakı 0:5 hesablı məğlubiyyətini şərh edib:
"Məncə, Azərbaycan millisinin heyətində fərdi ustalığı yüksək, kreativ oyunçular var. Sadəcə həmin futbolçuları doğru mövqelərdə oynatmaq, yaxşı duruma gətirmək lazımdır ki, bacarıqlarından istifadə etsinlər, qalib gəlsinlər. Azərbaycan millisinin müdafiə xətti yaxşı oynamadı. İsveçlə matçda da belə idi, rəqibə boş zonalar çox verirdilər. Bu da isveçlilər üçün böyük şans yaratmışdı. Bunun əvəzində daha aqressiv, pressinqlə oynayıb, İsveçin üzərinə getmək olardı. Çünki İsveç millisinin müdafiə və yarımmüdafiə xətti yüksək səviyyədə deyil. Əsas gücləri hücum oyunçularındadır. Onları səhvə yol verməyə məcbur etmək lazım idi. Belədə, onlara qol da vurmaq mümkün idi".
32 yaşlı yarımmüdafiəçi bildirib ki, İsveçə 0:5 hesabı ilə məğlubiyyətə baxmayaraq millimizdə oynamaq istəyərmiş: "Azərbaycan millisinin heyətində Avropa çempionatının seçmə mərhələlərində oynamaq yaxşı olardı. Ancaq artıq bu məsələlər geridə qalıb. Çünki bu, mümkün deyil".
"Forvard”, “Malmö”, “Hoffenhaym”, “Standart”(Liej), “Hammarbü”, “İnçeon Yunayted”, “Qoritsa”, “Örebro” klublarında oynamış bakılı hazırda Səudiyyə Ərəbistanının “Əl-Xolud” komandasında çıxış edir.
Mirbağırağa
saytlarin hazirlanmasi