"Çempionluq uğrunda mübarizə aparan "Neftçi" yoxdursa, bu, Azərbaycan futbolu üçün yaxşı deyil"

11:52 - 12 May 2023

Uzun illər "Bakı", "Qarabağ", "Zirə" daxil olmaqla, U-21 yığmamızda da işləmiş Borçe Xristov Sportal.az saytına müsahibə verib. Hazırda "Vardar"ın futbol akademiyasında rəhbər vəzifəsində çalışan şimali makedoniyalı mütəxəssis "Qarabağ"ın hazırkı durumunu şərh edib. 

- "Qarabağ" böyük ehtimalla mövsümü çempion kimi başa vuracaq. Mövsümün sonuna üç oyun qalıb. Onların bu mövsüm çempion olacağını ehtimal edirdiz?
- Hər şeydən əvvəl Şirxan Həsənzadənin vəfatına görə ailəsinə başsağlığı vermək istəyirdim. Həqiqətən də, çox üzüldüm. Birlikdə işləmişdik, futbolçum idi. Çox yaxşı futbolçu və yaxşı insan idi. "Qarabağ"dan danışası olsaq, mövsümün əvvəlindən də düşünürdüm ki, onlar çempionluğu bayram edəcək. Çünki onların yaxşı heyəti var. Üstəlik, yaxşı futbol oynayırlar. Çempionlar Liqasının təsnifat mərhələsində çox baxımlı futbol oynayırdılar. Eyni zamanda, ölkə çempionatının matçlarını uğurlu keçirirdilər. Düzünü deyim, "Qarabağ"ın çempionluğu daha tez rəsmiləşdirəcəyini düşünürdüm. Amma hələ ki, mübarizə davam edir. Böyük ehtimalla qızıl medalları heç kimə verməyəcəklər. 

- "Qarabağ"ın bu mövsüm "Neftçi" ilə deyil, "Sabah"la çempionluq mübarizəsi aparması sizin üçün gözlənilməz olmadı?
- "Qarabağ"ın çempionluq mübarizəsini "Neftçi" ilə deyil, "Sabah"la aparması maraqlıdır. Qarşında güclü, çempionluq uğrunda mübarizə aparan "Neftçi" yoxdursa, bu, Azərbaycan futbolu üçün heç də yaxşı deyil. Əslində, çempionluq uğrunda mübarizədə "Qarabağ", "Neftçi", "Sabah"la yanaşı daha 2-3 komanda olmalıdır. Belədə, liqa daha keyfiyyətli, səviyyəli, maraqlı keçəcək. Bu da Azərbaycan millisinə xeyir verəcək. "Neftçi"nin bu mövsüm belə olacağını ehtimal etmirdim. Bu sezon çempionatda pis nəticələri çox oldu. Laurentsiu Regekampfın hazırkı nəticədən daha çoxunu edəcəyini gözləyirdim. Onlar Azərbaycanda ən tanınmış, tarixi klubdur. Şimali Makedoniyada "Vardar" necədirsə, Azərbaycanda "Neftçi" eyni tutulur. Əgər güclü "Neftçi" varsa, Azərbaycan çempionatı da güclü olacaq. "Neftçi"nin səviyyəsi, gücü yoxdursa, çempionat da elə güclü olmayacaq.

- Hər zaman "Qarabağ" qış fasiləsindən, avrokuboklardakı macərası başa çatdıqdan sonra daxili oyunlarda rəqiblərinə qarşı çətinlik çəkmir. Bu mövsüm qışdan sonra bəzi matçlarda xal itkiləri oldu. Ola bilər ki, "Gent"ə məğlubiyyəti "Qarabağ"a pis təsir etmişdi?
- Doğrudur, "Qarabağ" avrokuboklardan uzaqlaşdıqdan sonra çempionatı asanlıqla qazanır. Bu mövsüm də pis olmadı. Doğrudur, bir neçə gözlənilməz nəticələr qeydə alındı. Ancaq ümumilikdə yaxşı keçmədiyini demək olmaz. "Qarabağ"ın avrokuboklarda çətin matçları var idi. Qrupda hansı komandalarla oynadılar, pley-off mərhələsində hansı komandalarla qarşılaşdılar. "Qarabağ" bu mövsüm yenə çempionatda səviyyəsini göstərdi. Heç bir rəqibə şans vermədi.

- Kadi Borges, İbrahima Vadji, Ovusu Kvabena fərqli klublara satıldı, əvəzində Adama Diakabi, Yassin Benzia, Redon Cica dəvət edildi. Diakabi və Benzia haqda hansı fikirdəsiz?
- Qurban Qurbanovun, Rəşad Sadıqovun fikirlərini oxuyuram. Onlar Azərbaycana keyfiyyətli oyunçuları dəvət etməyin çətinliyindən danışırlar. Bu da, yəqin ki, çempionatın səviyyəsindən irəli gəlir. Yeni gələnlər hələ ki, özünü "Qarabağ"ın gözlədiyi qədər göstərməyib. Bildiyim qədərilə, Yassin Benzia və Adama Diakabinin "Qarabağ"a gələnı qədər oyun praktikası çox deyildi. Amma həm Diakabanin, həm Benzianın keyfiyyəti var. Daxildə nə baş verdiyini bilmirəm deyə, necə olacağı haqda nəsə demək doğru olmaz. Doğrudur, hər ikisi zaman-zaman səviyyəsini göstərdi, amma bu, "Qarabağ" üçün bəs deyil. Ola bilər ki, yay toplanışında hər ikisi yaxşı hazırlaşıb, sistemə uyğunlaşaraq, daha effektiv performans göstərəcəklər. Yayda daha yaxşı olacaq. Səviyyələrini müzakirə etməyə dəyməz.

- Yeni mövsüm də "Qarabağ"dan avrokuboklarda uğurlu nəticə gözləyirsiz?
- "Qarabağ" son illərdə avrokuboklarda çox böyük işlər görüb. Təsəvvür edin, onlar hər mövsüm qrup mərhələlərində oynayır. Məsələn, BATE (Borisov) 2-3 il qrupa düşdü, sonra bunu bacarmadılar. Hər il eyni səviyyəni qorumaq asan deyil. Düzü, "Qarabağ"ın hər mövsüm bu səviyyədə oynayaraq, qrup mərhələlərinə düşəcəyini ehtimal etmirdim. Lakin onlar bunu bacarır. Elə bu mövsüm Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinə baxın. Qrupda ən aşağı büdcəyə malik klub "Qarabağ" idi. Amma "Nant" kimi komandanı Bakıda məğlub etdilər. "Qarabağ"ın avrokuboklarda göstərdiyi nəticələr ağlasılmazdır. İnanın, belədir. Avropada nəticə qazanmaq asan deyil. Onlar hər mövsüm qrup mərhələsində mübarizə aparır. 

- Yəqin ki, Şimali Makedoniyaya yaxın olduğu üçün Albaniya futbolunu daha yaxşı bilirsiniz və "Tirana"dan "Qarabağ"a keçən Redon Cicanın nəyə qadir olduğundan məlumatlısız...
- Düzü, onu "Qarabağ"a gələnə qədər heç tanımırdı. Əslində, komandaya pis qoşulmamışdı. Avrokuboklarda "Gent"lə Bakıdakı oyununu xatırlayıram, qol epizodları da yaratmışdı. Lakin bu, yetərli deyil. Cica, Diakabi və Benziadan gözləntilər böyükdür. Hər halda, onun komandaya kömək olacağını düşünüblər deyə, dəvət ediblər. Fikrimcə, yay toplanışını keçdikdən sonra hamısı "Qarabağ"a kömək edəcək.

Mirbağırağa

Xəbər xətti