Azərbaycanlı idmançı dünya rekorduna imza atdı

13:28 - 27 İyun 2023

Qırğızıstanın paytaxtı Bişkekdə paurliftinq və “Strict Curl” üzrə açıq Avropa çempionatı keçirilib.

Sportal.az xəbər verir ki, yarışda Azərbaycanı Strongman Federasiyasının vitse-prezidenti, tanınmış idmançı poverliftinq üzrə 7 qat Avropa, 4 qat Dünya çempionu, həmçinin 10 qat respublika çempionu Namiq Cəfərov və Qazaxıstanda yaşayan həmyerlimiz Rauf Kazımov təmsil edib. 

Hər iki idmançımız açıq Avropa çempionatında uğurlu çıxışları ilə yadda qalıblar. Namiq Cəfərov “Strict Curl” üzrə yarışda dünya rekordunu yeniləyib. Belə ki, o, əvvəlki rekord 72 kq-dan daha yüksək 72,5 kq çəkini qaldıraraq dünya rekordunun yeni sahibi olub. Növbəti yanaşmada isə təmsilçimiz 75 kq çəkini də ram etməyi bacarıb.

Beləliklə Namiq Cəfərov 85 kq çəki dərəsində masters kateqoriyasında 75 kq-lıq nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib. 

“Strict Curl” poverliftinqin spesifik növü sayılır və burada bədən xüsusi lövhəyə dayanaraq ancaq əllərin köməyi ilə lazım olan çəkini qaldırmaq lazımdır. 

Cəfərov yeni dünya rekordu və yarış haqqında təəssüratlarını bölüşüb: 

“Bişkek şəhərinə dünyanın 20-dən çox ölkəsindən tanınmış idmançılar gəlmişdilər. Rəqabət çox ciddi idi. Mən 3-cü yanaşmada 72,5 kq-ı qaldıraraq dünya rekordunu yenilədim. Sonra isə 4-cü yanaşmada 75 kq çəkinin öhdəsindən gəldim. Bu nəticəyə görə çox xoşbəxtəm. Azərbaycanın bayrağını qaldırıb, himnini səsləndirdiyim üçün çox qürurluyam”.

Yarışda ölkəmizi təmsil edən digər idmançı Rauf Kazımov olub. Qazaxıstanda yaşasa da, Azərbaycan millisinin heyətində mübarizə aparan həmyerlimiz 82,5 kq çəki dərəcəsində mütləq çempionluğa yiyələnib. Ümumilikdə isə, idmançılarımız komanda hesabında 4-cü yeri tutublar. (Bizim.media)

Xəbər xətti