"Çelsi"nin futbolçusu "Mançester Siti"də - RƏSMİ

10:51 - 28 İyun 2023

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqada son mövsümün qalibi olan "şəhərlilər" "Çelsi"dən Mateo Kovaçiçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mançester təmsilçisi xorvatiyalı yarımmüdafiəçi üçün "Çelsi"yə 25 milyon avro ödəyib. 29 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 4 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Mateo Kovaçiç "Çelsi"yə 2018-ci ilin yayında "Real"dan keçmişdi. Xorvatiya millisinin üzvü son mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti