İspan məşqçi: "Azərbaycanlı futbolçulara inanın" - MÜSAHİBƏ

13:32 - 30 İyun 2023

ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın “Marcet” Futbol Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportal.az xəbər verir ki, tədbirdə akademiyanın məşqçisi Rivero Karlos Arias jurnalistlərin suallarını cavablandırıb:

- Bundan əvvəl hansı ölkələrdə bu cür seçimlər aparılıb və hansı futbolçuları üzə çıxarmısız?

- Video göstərəcəyik, görəcəksiz ki, hansı ölkələrdə işləmişik, nəticələr necə olub. Bizim akademiyamız Şimali Koreyada seçimlər etdi və 20 nəfəri seçdik. Öz akademiyamızda təlimlər keçdik. Sonradan həmin uşaqlar Şimali Koreya millisinin üzvü oldular. “Yuventus”a qədər gedib çıxan oldu. Han-Kvan Sonu deyirəm. Hər bir idmançı ilə fərdi məşqlər də keçirik. Futbolda vacib olan nəticədir. Onu göstərmək istəyirik. 14-16 yaşlı uşaqlar arasında oyunlar keçirilir, hazırlaşırlar, dincəlməyə vaxt olmur. Akademiyada bu da nəzərə alınıb və onlarla fərdi dərslər keçirik, dincəlmək vaxtı da nəzərə alınır. Akademiyamızda texniki və texnoloji resurslardan istifadə edirik. Məşqçilər və idmançılar bu resurlarla təmin olunub. 24 millətdən oyunçu var. Bu, bizə maneçilik törətmir. Futbol dilində danışırıq, təlimlər keçiririk. "Marcet" bir futbol klubu deyil, akademiyadır, idmançıları yetişdiririk. Aklademiyanı bitirənlər bizə qürur hissi gətirirlər. “Tiqres”, “River Pleyt”, “Atletiko”(Madrid) klublarında futbolçularımız oynayır. Bu həftə Bakıda olmağımızın da əhəmiyyəti var. İspaniyanın ən böyük “Marca” qəzetində gəlişimizlə əlaqədar yazılar var idi. Bu, çox böyük qüruru hissi verir. Azərbaycana İspaniyadan gələn məşqçilər nadir hallarda olur və mediamız bunu işıqlandırıb.

- ASTA və “Marcet” əməkdaşlığı gələcəkdə Azərbaycan millisinin nəticələrinə təsir edə bilər?

- Yeniyetmələr arasında seçim etmişik və İspaniyaya aparacağıq. 16-17 yaşlarında gənc istedadları görüb, perspektivləri haqda danışa bilərik. Seçilənlər haqda indidən bir söz deyə bilmərik. Bir müddətdən sonra hər şeyi görəcəyik. Azərbaycanda yaxşı futbolçular var. Biz bunu görürük. Azərbaycanda futbol sahəsində böyük inkişaf gedir, gələcəkdə görəcəyik. Bu, uğurlu layihə ola bilər. Çoxları düşünür ki, Cənubi Amerikadan, Afrikadan çıxanlar futbolçular əla olur. Amma biz göstərmək istəyirik ki, başqa ölkələrdə də yaxşı oyunçular var. “Marcet”də uşaqlara başqa formatda təlim vermək istəyirik. Xahiş edirəm ki, azərbaycanlı futbolçulara inanın. 

- 15 yaşında uşağı yetişdirib, sonradan perspektivinə güvənmək nə dərəcədə düzdür? Sizcə, 10-11 yaşda bunu etmək olmazdı?

- 12-13 yaşlı uşaqlar hələ ki, oyun oynayırlar, öyrənirlər, özlərini kəşf etmək dövründədirlər, fiziki cəhətdən yetişmirlər. Ona görə fikirləşirik ki, 11-12 yaşlı uşaqlar üçün ailəsindən uzaq qalmaq onlara problem yaradar. 

-  Təhsil məsələsi necə olacaq?

- Mən özüm də klub direktorundan əvvəl atayam. Bir ata kimi məni də narahat edir oğlumun tərbiyəsi və təhsili. Ona görə də, bizim akademiyamız bir neçə məktəblə işləyir, uşaqlar orada təhsillərini alırlar, şəxsiyyət kimi yetişirlər. Akademiyamız onların futbolçu kimi yetişməsində önəmli rol oynayır. Cədvəlimiz də var, uşaqlar hansı müddətdə dərsdə olmalıdır, hansı vaxtda məşqlərdə. Bu gün idmanda hər tərəfdən yetişmiş insanlara tələb var. Təkcə, futbolçu kimi yox, şəxsiyyət kimi də yetişmiş, təhsilli insanlara ehtiyac var. Ona görə, akademiyamızda buna böyük önəm verilir. Uşaqların peşəkar futbolçu olmaları üçün böyük işlər görülməlidir. Akademiyamızda uşaqların qarşısına hədəflər qoyulur. 

- Bura gəlməmişdən əvvəl Azərbaycan futbolu haqda fikriniz necə idi?

- Bilirik ki, texniki cəhətdən oyunçularınız çox hazırlıqlıdırlar. Akademiyamıza gələndə nəyə qadir olduqlarını görürdük. Futbolçu rəqabət görməyəndə, tənbəlləşir. Bu rəqabəti akademiyamızda yaradırıq və oyunçulardan çox şey tələb edirik. Öz futbolçularınıza inanın, dəstəkləyin. Hədəfinizə çatmağınız üçün köməyimizi göstərəcəyik. Akademiyamızın işi əsasında sizə kömək etməyə gəlmişik.

Mirbağırağa

Xəbər xətti