Ölkəmizdə oynamış isveçli: "Musa özünü göstərsə, İsveç klublarının azərbaycanlılara marağı artacaq" - MÜSAHİBƏ

15:18 - 8 İyul 2023

İndiyə qədər Azərbaycan Premyer Liqasında İsveçdən olan altı futbolçu çıxış edib. Onlardan biri İsveçin U-21 yığmasının sabiq üzvü, "Hammarbü"nün yetirməsi və uzun illər bu klubda oynamış Sebastyan Kastro-Tellodur. 2013-cü ildə "Hammarbü"dən ayrılaraq "Rəvan"a keçmiş Tello hazırda futbol agenti kimi işləyir. İsveçli Sportal.az saytına müsahibəsində Musa Qurbanlının "Yurqordon"ə keçidini şərh edib. Bununla yanaşı, Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçə (0:5) məğlubiyyətini xatırlayıb.

- Musa Qurbanlı bir neçə gün əvvəl "Yurqorden"ə keçdi. Bu transferə reaksiyan necə oldu? Çünki İsveç klubları tez-tez azərbaycanlı futbolçu transfer etmir...

- "Yurqorden" Stokholm və İsveçin ən yaxşı komandasıdır. Onların bir neçə forvardı var. Viktor Edvarsen liqanın ən yaxşı hücumçularından hesab edilir. Amma buna baxmayaraq Musanın da "Yurqorden"ə kömək edəcəyini düşünürəm. Lakin düzünü desəm, Musanın necə oynadığını görməmişəm. Amma onu canlı izləyəcəm və bundan sonra haqqında daha qəti fikrim yaranacaq. 

- Musa özünü yaxşı tərəfdən göstərərsə, İsveç klublarının digər azərbaycanlı futbolçulara marağını artıracaq?

- Əlbəttə. Musa "Yurqorden"də özünü göstərsə, İsveç klublarının azərbaycanlı futbolçulara marağı artacaq. Bu, mütləq belədir.

- Azərbaycanlı mütəxəssislər tez-tez deyir ki, bizim futbolçular üçün əsas problemlərdən biri dil baryeridir. Musa İsveç dilində danışmasa da, ingilis dilini yaxşı bilir. İsveç dilini bilməməsi, ona problem yaratmayacaq?

- Dil önəmli məsələdir. Amma isveçli futbolçuların əksəriyyəti dərhal ingilis dilini çox yaxşı bilmir. Məktəbdə ingilis dilini öyrənirlər və özləri üçün üstünlük yaranır. Musanın ingilis dilini bilməsi, yaxşı haldır. Onun üçün hər hansı problem yaranacağını düşünmürəm.

- Bir müddət əvvəl AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində  İsveç - Azərbaycan qarşılaşması baş tutdu. Yığma komandanızın 5:0 hesablı qələbəsi ilə başa çatan görüşü izlədin?

- Əlbəttə, həmin görüşü izlədim. Doğrudur, stadiona getməmişdim. Lakin matça baxdım, İsveç millisi parlaq qələbə qazandı. 

- Özün Azərbaycanda oynamısan. O vaxtkı yığma necə yadına gəlir? 

- Azərbaycanlı futbolçuların texnikası həmişə çox yaxşı olub. Yadımdadır ki, bütün azərbaycanlı oyunçular topla çox yaxşı rəftar edə bilirdi, cəld idilər. Bu, onların əsas üstünlüyü idi. İndi də bu cürdür. Bəlkə də, İsveç komandaları Musadan sonra azərbaycanlı futbolçulara dəvət göndərəcək. 

- Maraqlıdır, Azərbaycanda oynadığın dönəmi necə xatırlayırsan?

- Azərbaycan, Bakı çox yaxşı xatirimdədir. Oranı çox bəyənirdim. Amma oynadığım klubdakı vəziyyəti bura daxil etmirəm. Dediyim kimi, Bakını, oradakı London taksilərini həmişə xatırlayıram. Tez-tez çay içirdim. Yaxşı, maraqlı günlər idi.

- Vaxtı ilə “Hammarbü” kimi adlı-sanlı və güclü komandanı tərk edib “Rəvan”a gəlmişdin. Niyə belə qərar vermişdin? Hər halda, "Hammarbü"dən ayrılaraq daha güclü kluba keçə bilərdin...

- "Rəvan"a Sloveniyadakı toplanış zamanı qoşulmuşdum. Oradan isə komandanın tərkibində Bakıya gəlmişdim. Məqsədim "Rəvan"a kömək edib, daha sonra digər kluba keçmək idi. Bu, Azərbaycanın digər klubu, Türkiyə komandaları da ola bilərdi. Lakin planlar bu cür olsa da, baş tutmadı. 

- "Rəvan"da niyə çox qalmadın?

- Bayaq dediyim kimi, maliyyə məsələlərini yaxşı idarə edə bilmirdi. Ona görə də, sonda ayrılığım baş tutdu.

- Milli komanda məsələsinə qayıtsaq, səncə, İsveçdə rəqibinə 0:5 uduzan Azərbaycan Bakıda qalib gələ bilər? Yoxsa, düşünürsən ki, İsveç yenə asanlıqla qalib gələcək?

- Azərbaycan üçün İsveç millisinə qalib gəlmək çox çətin olacaq. Bəlkə də, bu, mümkünsüzdür. Hazırkı ana olan vəziyyətə görə belə düşünürəm. Azərbaycana daha çox özünəinam lazımdır.

- Bakıdakı oyuna gəlməyi planlaşdırırsan?

- Mənim Azərbaycandakı bir çox futbolçularla münasibətim var. Onlarla mesajlaşırıq, danışırıq. Lider komandalarda forma geyinirlər. Bilmək olmaz, bəlkə mən bir gün yenidən Azərbaycana gəldim. Həyatda bizi nələrin gözlədiyini heç kim bilmir.

Mirbağırağa

Xəbər xətti