"Məşq etmədən oyuna çıxanda acı nəticələri olur, klubda böyük maliyyə sıxıntısı var"

11:31 - 14 Sentyabr 2023

"Mənə verilən cəzaya şərh verə bilmərəm. Əgər belə uyğun görüblərsə, demək ki, elə olmalıdır. Həmin oyunla bağlı narazılığım var idi. Matçdan sonra mübahisəli epizodlara baxdım, öz fikrimdə qalıram. Sadəcə mənə göstərilən kartlarla bağlı şərh vermək istəmirəm. Düşünmürəm ki, həmin epizodda hakimlərə qarşı təhqiramiz sözlərdən istifadə etdim. Hakimlərin gözü qarşısında futbolçumuzun başına zərbə endirildi. Baş hakimdən soruşmaq istəyirdim ki, bu epizodda qırmızı vərəqə göstərilmirsə, hansı epizoda görə verilir? Birinci sarı vərəqəni göstərdi, başa düşdüm. Ancaq növbəti sarı vərəqni niyə göstərdi, bilmirəm. Oyun zamanı elə epizodlar olur ki, gərək onda hər məşqçiyə hər oyunda qırmızı vərəqə göstərilsin? Bunlara diqqət edilməlidir. Xüsusi qayda pozuntusu yoxdursa, məşqçilər də, oyunçular da meydanda sona qədər mübarizədə qalmalıdır. Yanaşma elə olmalı deyil ki, futbolçunu, məşqçini danışdırım və ona dərhal vərəqə ilə cəzalandırım".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"nın baş məşqçisi Tural Rzayev deyib. O, Azərbaycan I Liqasının ilk turunun “Baku Sportinq” – “Şəfa” oyununda ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına, bundan sonra hakimə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanmasına da şərh verib.

O, qırmızı vərəqədən sonra baş hakimə “sən bir də oyun idarə edərsən” fikirlərini nəyə görə söylədiyinə də aydınlıq gətirib: "Baş hakimin verdiyi həmin qərarlar səhv idi. Düşünürəm ki, əgər doğru olmayan qərarlar varsa, baş hakimə cəza olaraq bir neçə tur oyun verilmir. Yəni, elə bunu düşündüyüm üçün elə dedim. Səhv qərarların qarşılığı olacağını gözləyirdim, vəssalam. Yoxsa, başqa qeyri-adi fikrim, niyyətim yoxdur. Əgər hakim səhv qərarlar verirsə, ona da cəza tətbiq olunur. Bir neçə tur matçlara çıxmır. Dediyim sözlər sırf bununla bağlı idi".

Gənc çalışdırıcı "Şəfa"nın hazırkı durumu haqda da fikirlərini bildirib. O, klubda maliyyə sıxıntısı olduğunu və sponsorluq üçün iş adamları ilə görüşdüklərini gizlətməyib:

"Bizim planımımız belə idi ki, komandamızda sırf 18-19 yaşlı futbolçular oynasın. Futboldan küsdürülən, öz komandasında oynamayan istedadlılar var, onları futbolumuza qazandırmaq istəyirdik. Fəlsəfəmiz yalnız bu olub. 10 gün içərisində yığılmış komandayıq. Bəzi çətinliklər var, onları deyib arxasında dayanmaq istəmirik. Uşaqlarımız heç olmasa, həftədə 4-5 dəfə məşqə çıxa bilsə, minimum 4-5 nəfərini Azərbaycan futboluna qazandıracağıq. Bunun üçün maliyyə lazımdır. Qaydasına düşəcəyinə inanmaq istəyirik. Yoxsa, məşq etmədən oyuna çıxanda, acı nəticələri olur. Elə son oyunda bunu yaşamışıq. Onların geridə qalacağına ümid edirik.Klub rəhbərliyi axtarışdadır. Çünki rəhbərlik də futbolçulara, görülən işlərə sonsuz güvənirlər. Sadəcə maliyyə sıxıntıları olduğu üçün axtarışdayıq. İstəklərimizi həyata keçirmək üçün iş adamları ilə görüşlər təyin olunur. Nə dərəcədə uğurlu alınacaq-alınmayacaq zaman göstərər. Türkiyəli iş adamının kluba sponsorluq etməsi real söhbətdir. Səhv etmirəmsə, sabah görüş təyin olunacaq. Ümid edirəm ki, uğurlu alınar. "Şəfa" və digər klublara da iş adamlarının dəstəkləri lazımdır. Hazırda klubda həqiqətən böyük maliyyə sıxıntısı var. Bunu gizlətsəm, yalan olar. Gənc futbolçuları tək qoymaq fikrim yoxdur. Ümid edirəm ki, gözəl əməkdaşlıqlar taparıq".

Mirbağırağa

Xəbər xətti