"Sabah"ın baş məşqçisi: "Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, 3 oyunda qələbə qazana bilərik"

22:35 - 1 Oktyabr 2023

"Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev "Donar" ilə keçiriləcək avrokubok görüşündən öncə danışıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, şimali makedoniyalı mütəxəssis Niderland klubu ilə oyun haqda bunları deyib:

"Komandamızın hazırlığı məni qane edir. İlk oyundan gözləntilərə gəldikdə isə sona qədər mübarizə aparıb qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik. Azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər üç oyunda qələbə üçün döyüşəcəyik. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər 3 oyunda qələbə qazana bilərik".

"Sabah" FİBA Avropa Kubokunda 2023/2024 mövsümündə A qrupunda "Donar Qroningen" (Niderland), "Rabotniçki Skopye" (Şimali Makedoniya), "Rapid Buxarest" (Rumıniya) klubları ilə mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə yerləşən Kale Arenada keçiriləcək. Qrup qalibi FİBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanacaq.

Xəbər xətti