"Əminəm ki, "Qarabağ"ın Bakıda "Bayer"ə uduzmamaq şansı var" - MÜSAHİBƏ

11:34 - 9 Noyabr 2023

"Qarabağ"ın veteran futbolçusu Boyan İliç Sportal.az saytına müsahibə verib. Vaxtı ilə Ağdam klubunun formasını geyinmiş, hazırda futbol agenti kimi fəaliyyət göstərən İliç "Qarabağ"ın bu gün "Bayer"ə qarşı keçiriləcək oyundakı şanslarından söhbət açıb.

- "Qarabağ" bu gün Avropa Liqasının oyununda "Bayer"lə üz-üzə gələcək. Səncə, Ağdam klubu bu matçda nəyə ümid edə bilər?

- "Qarabağ"a bu gün keçirəcəyi matçda uğurlar arzulayıram. Şübhəsiz ki, onlar "Bayer"ə qarşı daha yaxşı oynayacaqlar. Belədə, uğurlu nəticəyə də ümid edə bilərlər. İlk oyunda "Bayer" çox yaxşı idi. Hər halda, bu mövsümün ən yaxşı komandalarından birinə qarşı görüş asan olmadı.

- İlk oyunda "Qarabağ" rəqibinə 1:5 hesabı ilə uduzmuşdu. Həmin görüşdə məğlubiyyətin əsas səbəbi, "Bayer"in səviyyəsi idi, yoxsa "Qarabağ" istədiyi kimi oynaya bilməmişdi?

- "Bayer" "Qarabağ"a öz oyununu oynamasına imkan verməmişdi. Dediyim kimi, Leverkuzen klubu bu mövsüm həqiqətən də çox yaxşı oynayır. Bundesliqada da rəqiblərini məğlub edir. Onlara qarşı oynamaq asan məsələ deyil.

- "Qarabağ" həmin oyunun ardından daxili çempionatda da uduzmuşdu. Ancaq son görüşdə "Kəpəz" üzərində 7:1 hesablı qalibiyyət əldə etdilər. Yəqin ki, "Bayer"lə oyunöncəsi bu cür qələbə yerinə düşdü?

- Təbii ki, "Kəpəz"lə matçdakı böyükhesablı qələbə "Qarabağ"a özünəinam verib. Bu, çox vacib məqamdır. Belə qələbələr hər zaman növbəti görüşlər üçün rahatlıq və böyük inam verir. Əminəm ki, "Qarabağ" "Bayer"lə görüşə inamlı çıxacaq və sona qədər mübarizəsini aparacaq, yaxşı oynayacaq. 

- "Qarabağ" "Bayer"dən xal qopara biləcək?

- "Qarabağ" yetərincə təcrübəli komandadır. Bir məğlubiyyətə görə ruhdan düşəcək komanda deyil. Əminəm ki, "Qarabağ"ın Bakıda "Bayer"ə uduzmamaq şansı var. Bundan da istifadə edəcəklər.  

- Necə düşünürsən, bu gün uğurlu nəticə olmasa belə, "Qarabağ" "Hekken" və "Molde"ni üstələyərək qrupdan çıxmağı bacaracaq?

- Bu gün qeydə alınacaq nəticəyə baxmayaraq, "Qarabağ" qrupdan çıxacaq. Buna çox inanıram. "Hekken" və "Molde"nin öhdəsindən gələcəklər. Hər halda, "Qarabağ" hər iki komandanı da məğlub edə bilib. Bunların yenidən baş verəcəyinə isə şübhə belə etmirəm. 

Mirbağırağa

Xəbər xətti