Agenti "Qarabağ"ın qolkiperinin hazırkı durumunu açıqladı: "Nəsə demək çox tez və çətindir"

15:15 - 10 Noyabr 2023

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov Rusiya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, "championat.com"a açıqlama verən rusiyalı menecer Lunyovun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Bayer”lə oyununda (0:1) aldığı zədədən və hazırkı durumundan danışıb:

"Əvvəlki zədədən sonra həkim heyəti və görülən işlər sayəsində "Bayer"lə oyundan əvvəl Lunyov özünü əla hiss edirdi və fasilə də faydalı oldu. Dünənki zədə haqqında nəsə demək çox tez və çətindir. Biz həqiqətən ümid edirik ki, hər şey düzələcək və ciddi heç nə olmayacaq".

İkinci hissədə zədələnən 31 yaşlı qolkiper 84-cü dəqiqədə yerini Luka Quqeşaşviliyə buraxıb. Noyabrın 7-də Andrey Lunyov Rusiya millisinə noyabrın 13-də Novoqorskda başlayacaq təlim-məşq toplanışına dəvət edilib. Noyabrın 20-də Rusiya millisi Volqoqradda Kuba ilə yoldaşlıq oyunu keçirəcək. Bu mövsüm Andrey "Qarabağ"ın heyətində 9 oyun keçirib və 9 qol buraxıb.

Xəbər xətti