"Zirə"nin yarımmüdafiəçisi Andriya Lukoviç Sportal.az saytına müsahibə verib.
- "Qəbələ"yə qarşı keçirəcəyiniz matçla bağlı nə düşünürsən?
- "Zirə" üçün "Qəbələ" həmişə çətin komandadır. Fərqi yoxdur, matç Bakıda keçirilir, yoxsa Qəbələdə. İki komandanın görüşləri daim çətin alınır. "Qəbələ" bizə problem yaradan komandadır.
- Onları məğlub edə biləcəksiz?
- Biz həftə ərzində çox yaxşı hazırlaşdıq. Onlarla oyuna da 100 faiz hazırıq. Maksimum diqqətli oynamağa çalışacağıq. Çətin olacağı dəqiqdir. Lakin qalib gəlməyə çalışacağıq.
- Ötən mövsümkü "Zirə" və bu mövsümkü komanda. Hansı fərq var?
- Biz bu mövsüm nisbətən daha stabilik, müdafiədə də həmçinin. Ötən mövsüm oyunlar zamanı fərdi səhvlərimiz çox olurdu. Bu sezon isə həmin səhvləri azaltmışıq, etmirik. Eyni ruhda da yolumuza davam etməliyik. İnanıram ki, hər şey yaxşı alınacaq.
- Komanda liderliyini davam etdirir. Deyəsən, çempionluğa doğru gedirsiz...
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün mübarizəmizi davam etdiririk. Təbii ki, hazırkı vəziyyətimizi görmək xoşdur. “Zirə” olaraq hər oyuna mübarizə aparmaq, xal qazanmaq üçün çıxırıq. Necə olacağını mövsümün sonunda görəcəyik.
- Ötən turda “Sabah”a qalib gəlməyi bacardınız. Rəqib meydanda 10 nəfərlə qalmışdı. Bunun qələbənizdə önəmi oldu?
- Bəli, ağır oyun alınmışdı. Digər görüşlər də bu cür keçmişdi. “Sabah”la matçın xüsusilə də, ilk yarısı çətin oldu. İkinci hissədə istəyimizə davam etdik və sonda qolumuzu vurub qalib gəldik.Çətin səfərdən qalibiyyətlə çıxmaq xoş idi.
Mirbağırağa