Azərbaycanlı futbol mütəxəssisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" "Bayer"lə görüşdə meydanı məğlubiyyətlə tərk etdi, ancaq bu dəfə daha yaxşı oyunla. Matçı necə şərh edərdiniz? Hansı hesabı ehtimal edirdiz?
- "Qarabağ" "Bayer"ə qarşı çox gözəl oyun nümayiş etdirdi. Bu cür rəqibə qarşı, belə oynadığına görə "Qarabağ"a sadəcə alqış düşür. Leverkuzendəki 1:5 hesablı məğlubiyyətə gəldikdə, həmin gün "Qarabağ" öz günündə deyildi. Çünki təzyiq var idi. Bakıdakı matçda fərqli "Qarabağ" gözləyirdim. Gözləntilərim məni yanıltmadı. Təəssüf ki, son dəqiqə qolu ilə uduzduq. amma stadionu başıuca tərk etdilər. "Bayer" bu mövsüm fərdi, həm də komanda şəklində möhtəşəmdir. Amma "Qarabağ" bu cür adlı-sanlı, güclü komandaya qarşı çox yaxşı mübarizə apardı.
- "Qarabağ"ın xal qazanması üçün nə çatmadı?
- Bir kəlmə ilə söz demək mümkün deyil. "Qarabağ" əlindən gələni etdi. Təsadüfi penalti epizodu oldu və onunla da uduzduq. Halbuki, qalib də gəlmək mümkün idi. "Qarabağ" ilk dəqiqədən sona qədər layiqli mübarizə apardı. Təəssüf ki, bəzi məcburi əvəzetmələr oldu. Xüsusən də, Marko Veşoviçin əvəzlənməsi. Çünki o, möhtəşəm oynamışdı. Yorulduğunu hiss edib əvəz edilməsini istədi. Komanda sona kimi əla mübarizə apardı. Ucuz penalti ilə qapımızda qol gördük.
- Verilən penaltini necə şərh edərdiniz? Maksim Medvedev həmin epizodda daha diqqətli və ya təcrübəli futbolçu kimi oynaya bilməzdi?
- Çox ucuz penaltidir, təəssüf ki, belə penaltiləri verirlər. Amma burada qapıya zərbə yoxdu. Futbolçu göyə tullanır, belədə əllər də ona kömək edir. Əlini yanında ola-ola tullanmaq mümkün deyil axı. Maksim orada bilərəkdən əllə oynamadı. Təəssüf ki, belə penaltilər verirlər. Bunun adı ucuz penaltidir. Maksim burada əllərini necə yığışdıra bilərdi? Hündürə tullanmaq üçün təkan verən əllər də köməkçi vasitədir. İstəmədən, bilmədən top əlinə dəydi. Qapıya zərbə yox idi. Bu cür oyunda belə penalti çox üzücüdür.
- "Qarabağ"ın "Bayer"ə qarşı birincə və ikinci oyunları arasında hansı fərq oldu? "Bayer" Bakıda istəksiz görünürdü, yoxsa "Qarabağ" onlara istədikləri oyunu göstərməsinə imkan vermədi?
- "Qarabağ"ın səfərdəki və Bakıdakı matçı arasında böyük fərq var idi. "Bayer" bu mövsüm möhtəşəmdir. Onlar Almaniya Bundesliqasında liderdir, bu, təsadüfi də deyil. Oyunu canlı izləyirdim. "Bayer"in bu qədər istəkli olması mənim üçün də təəccüblü oldu. Halbuki, bəzi oyunlarda heç əsas heyət oyunçularını meydana buraxmamışdılar. Səhv etmirəmsə, "Molde" ilə görüşdə belə olmuşdu, Grimaldo, Virts olmamışdı. Lakin "Qarabağ"a qarşı əsas heyətin bütün futbolçuları oynayırdı. Meydandakı oyunçular, baş məşqçi bir kənara, hətta köməkçi məşqçilər elə motivasiyalı idilər ki, sanki qalibiyyət olmasaydı, qrupda qalacaqlar. Motivasiya olmamasından söhbət gedə bilməz. Ehtiyat skamyada nələr baş verdiyini görürdüm. Bir xal da onları lider edəcəkdi. Ancaq "Bayer" Bakıya qələbə üçün gəlmişdi. "Bayer" kimi güclü komandaya qarşı "Qarabağ"ın nümayiş etdirdiyi futbol mənə qürur verir. "Bayer"ə uduzsaq da, "Qarabağ" kimi komandaya sahib olduğumuz üçün stadiondan qururla ayrıldım.
- "Qarabağ"la "Molde" hazırda eyni xala sahibdirlər. Təmsilçimizin qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiz?
- "Qarabağ" "Molde" ilə eyni xala malikdir. Səfərdə bərabərə qalıb, evdə "Hekken"i udsaq, ikinci yeri təmin edirik. Məncə, səfərdə uduzmarıq. Birinci yerə layiq "Bayer"dir. Amma göstərdiyi oyuna görə "Qarabağ" ikinci yeri 100 faiz haqq edir. Ümid edirəm ki, belə də olacaq, təmsilçimiz növbəti mərhələyə adlayacaq. Norveçdə çətin olacaq, "Molde" süni örtüklü meydanda oynayır. Noyabr ayıdır, sərt Skandinaviya ölkəsinə gedəcək "Qarabağ". Oradan xal və ya xallarla da dönə bilərik. Hətta uduzsaq da, yenə şansımız qalacaq. "Bayer" bizimlə belə oynayırsa, son turda evdə "Molde"yə qarşı elə motivasiyalı olmalıdır. "Qarabağ"a uğurlar arzulayıram. İkinci yeri haqq edən bizim komandadır.
Mirbağırağa