"Birinci liqada səkkiz tur keçib. Geridə qoyduğumuz müddətdə performansımızdan tam olaraq razı deyiləm. Düşünürəm ki, daha çox xal qazana bilərdik. Bu komandanın potensialı bu deyil. Allah qoysa, daha yaxşı olacaq".
Bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Sportal.az saytına açıqlamasında deyib. Ötən mövsüm Cavid Hüseynovla birlikdə Premyer Liqada işləyən Əsgərli iki çempionat arasında müqayisə aparıb:
"Premyer Liqa ilə Birinci Liqanı müqayisə etmək çətindir. Bu həm oyun səviyyəsi, həm də infrastruktur baxımından belədir. Çalışırıq ki, uyğunlaşma prosesi qısa zamanda keçsin. Komandanın dağılmaq təhlükəsi isə heç vaxt gündəmdə olmayıb. Əksinə, hamı yenidən Premyer Liqaya qayıtmaq üçün ilk gündən səfərbərdir. Məncə, Premyer Liqaya qayıtmaq daha ağırdır, nəinki Birinci Liqaya düşməmək uğrunda mübarizə aparmaq. Çünki daim qələbə qazanmalısan, daha məsuliyyətli olmalısan ki, büdrəməyəsən. Ən çətin rəqib kimi bir komandanın adını çəkmək düzgün olmazdı. Kifayət qədər təcrübəli və çətin rəqiblərimiz var. Təbii ki, Premyer Liqaya əsas namizədlər var və onlardan biri "Şamaxı"dır. İlk gündən özümüzə güvənirik və ümid edirəm ki, bu vəzifənin öhdəsindən gələcəyik. Bilirsiniz ki, bu ildən əvəzedicilər və birinci liqa ayrıldı, yaş limiti aradan qaldırılması artıq liqanın səviyyəsini yüksəltdi. Bu ildən birinci liqa əvvəlki illərdən daha maraqlıdır. Oyunlar çox ağır keçir, bir an belə rahatlaşmaq olmur. Ən əsas fərq stadionların yaxşı durumda olmamasıdır. Bu bizə çox çətinlik yaradır".
Sonda isə komandanın çalışdırıcısı "Şamaxı"nın ölkə kubokunda "Zaqatala" ilə matçdakı şanslarını dəyərləndirib: "Kubok yarışlarında məqsəd və istək oyundan-oyuna artır. Məqsədimizi gələcək göstərəcək. Ümid edirəm ki, daha çox irəli gedə biləcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi