Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlu "Fənərbaxça"nın futbol akademiyasında olub. "Sabah"ın U-17 komandasının çalışdırıcısı Türkiyə səfəri ilə bağlı təəssüratlarını Sportal.az saytına danışıb.
Gənc mütəxəssis Türkiyə klubunun akademiyasındakı şərait haqda yüksək fikirdə olduğunu deyib: "Keçən il U-19 və U-17 liqalarında çempion olan komandaların baş məşqçilərini, yəni mənimlə "Qəbələ"nin U-19 komandasının çalışdırıcısı Zaur Hacıyev AFFA tərəfindən praktika və kvalifikasiya üçün "Fənərbaxça" akademiyasına göndərildik. Səfər çox gözəl təşkil olunmuşdu. Buna görə həm öz, həm də "Sabah" adından AFFA-ya təşəkkür edirəm. "Fənərbaxça"da bizi çox yaxşı qarşıladılar. Akademiyanın direktoru Sedat Karabük, koordinatorlar Mehmet Hacıoğlu, Cem Karaca, akademiyanın psixoloqu, həmçinin bütün yaş kateqoriyasının məşqçiləri ilə görüşlərimiz oldu. Bir neçə gün ərzində akademiyanın infrastrukturu, iş metodikası və prinsipləri ilə tanış olduq. Uşaqların qaldıqları məkana getdik, onları yediyi yeməklərin də dadına baxdıq. Məşqlərdə və komandaların iclaslarında iştirak etdik. "Fənərbaxça" futbol akademiyasında hər şeyin yüksək səviyyədə olduğunu gördük. Biz də onlara uşaq futbolumuz haqda ətraflı məlumat verməyə çalışdıq. Klublarımızın atributlarını da akademiyanın rəhbərliyinə hədiyyə etdik".
Yunisoğlu, Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq forvardı Semih Şentürklə görüşündən də bəhs edib. O, 2010-cu ildə Bakıda keçirilmiş Azərbaycan - Türkiyə (1:0) matçını xatırladıqlarını da bildirib:
"Bəli, ən maraqlı görüşlərdən biri "Fənərbaxça"nın U-19 komandanın məşqçisi Semih Şentürklə oldu. Çünki 2010-cu ildə Bakıda Türkiyəni 1:0 udduğumuz oyunu xatırladıq. Həmin matçda onunla oyunboyu çox yaxın oynayırdım. Məni dərhal xatırladı, dedi ki, sən 3 nömrəli formada oynayırdın. Dedi ki, indikindən arıq idin, deyəsən trenajora gedirsən. Belə maraqlı söhbətlər etdik. Onunla yanaşı, mənə U-17 komandasının baş məşqçisi Güven Varol da tanış idi, onunla da xeyli söhbətlər etdik. Mən "Dənizlispor"da oynadığım vaxtı Güvən "Mersin İdman Yurdu"un formasını geyinirdi. Bir-birimizə qarşı keçirdiyimiz görüşləri xatırladıq. Həmin vaxtı biz orada qalib gəlməyi bacarmışdıq. Əminliklə deyə bilərəm ki, bu səfər çox maraqlı və faydalı alındı. Bizə verilən diqqətinə görə bütün "Fənərbaxça" futbol akademiyasında çalışan insanlara təşəkkür edirəm. Bundan sonra klublarımız arasında ən azından akademiyaların səviyyəsində yaxın əməkdaşlıq olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi