Dünən Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin Belçika və İsveçlə oyunları üçün heyəti açıqlanıb. Maraqlıdır ki, adı siyahıda olan və yerli çempionatda oynayan milli üzvlərindən ikisi son turda meydana çıxmayıb. Onlardan biri Rahil Məmmədovdur. Lakin onun adı "Qarabağ" - "Səbail" görüşünün iştirak ərizəsində olub və müdafiəçi sona qədər ehtiyat skamyada oturub.
Digər futbolçu isə Aleksey İsayevdir. 28 yaşlı futbolçunun adı isə ümumiyyətlə, Premyer Liqanın 13-cü turunun "Turan Tovuz" – "Sabah" görüşünün iştirak ərizəsinə daxil edilməyib. Araşdırmamızdan sonra məlum olub ki, İsayev zədəlidir. O, sonuncu dəfə 12-ci turun “Zirə” ilə (0:1) görüşündə oynamış və ikinci yarıda yerini Ayaz Quliyevə vermişdi.
Sportal.az saytına daxil olan məlumata görə, İsayev zədəli halda yığmaya cəlb edilib. Hətta futbolçunun məşq etmədiyi və zədəsini sağaltmaqla məşğul olduğu bildirilir. Maraqlıdır ki, futbolçu zədəli ola-ola Canni De Byazinin Belçika və İsveçlə görüşlər üçün siyahısına necə daxil edilib? Görünən budur ki, ölkə çempionatının matçlarını daim izlədiyini bildirən Canni De Byazinin 13-cü turda meydanda belə olmayan İsayevin son durumundan xəbəri də yoxdur.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Bakıda İsveçi qəbul edəcək. Üç gündən sonra isə Belçikanın qonağı olacaq.
saytlarin hazirlanmasi