"Hələ də, şokdayam. Rafaelin dünyasını dəyişməsindən sonra heç kəs ayıla, özünə gələ bilmir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Vüsal İsgəndərli deyib. “Eqnatiya”nın futbolçusu ötən həftə komanda yoldaşı Rafael Dvamenanın “Partizani” ilə görüşdə dünyasını dəyişməsindən danışıb.
İsgəndərli, hadisəni bu cür şərh edib: “Rafaelin ürəyi gedəndə ona tərəf ilk qaçan mən oldum. Düzünü deyim, onun yaşayacağına ümidim var idi. İnanırdım ki, heç nə olmayacaq. Həmin anda düşündüm ki, ən pis halda Rafael futbola bir az ara verəcək. Amma komanda yoldaşlarımdan biri beş dəqiqədən sonra Rafaelin artıq dünyasını dəyişdiyini bildirdi. Olduqca ağır hadisədir, epizod gözümün qabağından getmir".