"İsveçlə matçdakı qələbə Azərbaycan futbolunun tarixinə düşəcək" - MÜSAHİBƏ

18:49 - 17 Noyabr 2023

Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev Sportal.az saytına müsahibə verib. Yığma komandamızın aparıcı futbolçusu AVRO-2024-ün seçmə mərhələsinin Bakıda İsveçə (3:0) qarşı keçirilmiş görüşünü dəyərləndirib.

- Matçla bağlı nə deyəcəksən?

- Yaxşı oyun keçirdik. Qırmızı vərəqə oyunumuzu bir az sakitləşdirdi. Amma hətta 10 oyunçu ilə öz oyunumuza sadiq qalmağa çalışdıq. Baxmayaraq ki, daha çox əks-hücumlara çıxmağa başladıq. Qırmızı vərəqəyə qədər oyuna nəzarət tam olaraq bizdə idi. İki erkən qol vurduq, daha çoxunu da vura bilərdik. İşləyəcəyimiz çox şeylər var. Çox yaxşı komandaya sahibik. Biz böyüyəcəyik və inkişaf edəcəyik.

- Demək olar ki, matçın taleyi ilk 6 dəqiqədə həll edildi?

- Bütün qollar vacibdi. Əsas olan tablodakı hesabdır. Davam edirik. İsveçlə matçdakı qələbə Azərbaycan futbolunun tarixinə düşəcək. Hər şey yaxşı alındı. 

- Tsiklin əvvəlindən belə oynamağınıza nə mane olurdu?

- Bilmirəm. Çoxlu səbəblər var. Bir yerdə nəsə yaxşı getmirdi. Bəzən belə də olur. Amma biz həmişə azarkeşlər və ölkəmiz üçün oynamağa çalışmışıq. Tribunadakı dəstəyə görə təşəkkür edirəm. Çalışacağıq ki, öz oyunumuzla onları daha tez-tez sevindirək.

- Noyabrın 19-da Brüsseldə Belçika ilə oyuna çıxacaqsız. Bu matçdan nə gözləmək olar?

- Çalışacağıq ki, öz futbolumuzu göstərək. Belçika da Belçikadır, gücü hamıya bəllidir. Biz öz meydanımızda onlara qarşı kifayət qədər yaxşı futbol oynamışdıq.

-  İsveçlə oyundan əvvəl zədəli idiz?

- Xırda məsələ idi. Bunun üçün İstanbula uçdum, prosedurları yerinə yetirdim və geri qayıtdım. İsveçlə oyunda hər şey yaxşı getdi.

Mirbağırağa

Xəbər xətti