7 saatlıq ürək əməliyyatı və ya 2013 cü ildə bitməli olan karyera - FOTO

13:34 - 18 Noyabr 2023

"Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov bu gün "Zenit"ə qarşı keçiriləcək yoxlama görüşü ilə aktiv futbolçu karyerasına son qoymuş olacaq.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın yetirməsi olan futbolçu vaxtı ilə karyerasını hətta erkən yekunlaşdırmaq təhlükəsi də yaşayıb.

Ruslanın qardaşı Sərxan İbrahimoğlu feysbuk səhifəsində futbolçu ilə bağlı xatirələrini bölüşərək bunları yazıb:

7 saatlıq  ürək əməliyyatı və ya 2013 cü ildə bitməli olan karyera

Onsuz da doğma klubu “Neftçi”dən əzəli rəqibi “Xəzər-Lənkəran”a keçəndən ürəyi çox sıxılırdı. Allah tərəfi, “Rubin”dən gələn növbəti təklif tam ürəyindən olmuşdu. Yeni klubuna yollanmazdan 5 gün əvvəl burnundakı çəpər əyriliyi səbəbi ilə keçirdiyi əməliyyat uğursuz alınmışdı. Bu səbəbdən komandanın ilk məşqlərini kəskin qanaxmaya görə dəfələrlə yarımçıq saxlayırdı.

Bir neçə gündən sonra isə tibbi müayinədən keçməli və “Rubin”lə 5 illik müqavilə nəzərdə tutulmuşdu. Antalyanın adlı-sanlı klinikalarının birində keçirilən müayinə nədənsə bitmək bilmirdi. Klub həkimlərinin klinika mütəxəssisləri ilə uzun sürən diskussiyası heç də xoş əlamət deyildi. Nəhayət, xəstəxanın baş həkimi məni otağına dəvət edib, olduqca məyus halda, eyni ilə  bu ifadəni işlətdi:  “Ruslanın ürəyində ciddi problem var, qardaşınızın bu vəziyyətdə futbol oynamağı mümkün deyil”  və mən…  (şərhsiz)

Daha sonra  bu vaxta qədər  necə  futbol oynadığına təəccübləndiyini bildirdi. Mən isə ona acığımdan məsələni şişirtdiyini,  mərdimazarlıq etdiyini dedim və ondan daha məsuliyyətli rəy verməsini tələb etdim. Ancaq  heç nə dəyişmədi.  Müayinənin nəticələri dərhal Almaniyaya göndərildi və oradan gələn cavab ailəliklə hamımızı sarsıtdı. 

Bəli, Ruslan ürəyindən əməliyyat olunmalı idi. Karyerasını davam etdirmək üçün bu, qaçılmaz idi. Sonrakı aqibəti isə həkimin qərarından asılı idi . Ölkədə isə müqavilənin niyə bu qədər uzandığını məndən soruşmayan adam qalmamışdı. Əslində nəinki  “Rubin”, ümumiyyətlə, qardaşımın karyerasının bitmək üzrə olduğunu qəbul etmişdik. 

7 saat davam edən əməliyyatın ardından hər şeyin qaydasında olduğunu bildirdilər. 5 gün sonra almaniyalı həkimdən böyük həyacanla gözlədiyimiz rəyi, yarım aya yaxın, gülməyən üzümüzü az da olsa, güldürdü. Bundan sonra oynamağında cüzi də olsa, risk qalırdı. Lakin həkim “Bundesliqa”da  oynayan bəzi futbolçuların da məhz bu problemlə üzləşdiyini və əməliyyat olunduqdan sonra oynaqdıqlarını da deyərək son qərarı Ruslanın özünə saxlamışdı. 

O,  artıq Bakıya qayıtmış, bir müddətdən sonra yerli klubların birində karyerasını davam etdirmək barəsində fikirləşirdi. Bu anda “Rubin”in baş məşqçisi Qurban Berdiyevdən gələn gözlənilməz zəng, həqiqətən, təsirli olmuşdu. Ruslanın psixologiyasının hansı vəziyyətdə olduğunu başa düşən Berdiyev ona toparlanmaq üçün vaxt verəcəyini və daha da  güclü qayıdacağına inandığı üçün ona kömək edəcəyini bildirmişdi. 2 gün sonra isə Ruslan artıq “Rubin”lə İspaniyanın Marbella şəhərindəki düşərgəsində idi. 

Məlum əməliyyatdan sonra Ruslanın oyunlarını bacardıqca stadiondan canlı izləməyə çalışırdım. Adi epizodlarda yerdə yarım saniyə hərəkətsiz qalanda belə  dərhal ağlıma hər cür fikir gəlirdi…Allaha çox şükür, qardaşım artıq bu gün, karyerasında sonuncu oyununa çıxacaq. Ona ən çox yaraşan ağ-qara formasıyla “Zenit”ə qarşı matçdan  sonra futbolla vidalaşacaq. Doğma klubu  “Neftçi” ailəsinə Abışovun ürəyindəki arzusunu reallaşdırdığı üçün təşəkkür edirəm! 

Bundan başqa, hər zaman Ruslana dəstəyini əsirgəməyən , mənim idman jurnalistikasında olan qardaşlarıma, bütün azarkeşlərə (xüsusilə sadiq azarkeşlərinə) sidqi-ürəkdən minnətdarlığımı bildirirəm! Hə, bir də, evimizdə 5 yaşlı daha bir Ruslan Abışov var. Qismət olsa, yenə görüşərik.

P.S Şəkli əməliyyatdan əvvəl göndərmişdi.

Xəbər xətti