Millimizin baş məşqçisi: "Fomget"dən ayrılmaq qərarını özüm verdim, rəhbərlik buraxmaq istəmirdi" - MÜSAHİBƏ

13:49 - 30 Dekabr 2023

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi, bir neçə gün əvvəl Türkiyənin “Fomget” klubundan ayrılan Siyasət Əsgərov Sportal.az saytına müsahibə verib.

- "Fomget"lə yollarınız ayrıldı. Buna səbəb nə oldu, son turlardakı uğursuz nəticələr?

- Verdiyim qərarın əsas səbəblərindən biri son turlardakı məğlubiyyətlər idi. Ötən mövsüm çempionluğu qazandıqdan sonra, bu mövsüm də onu təkrarlamaq üçün yığılmışdıq. Son məğlubiyyətlərə qədər uğurlu oyunlarımız var idi. Demirəm ki, bütün oyunları udmalıydıq. Bu, mümkün olan bir şey deyil, məğlub da ola bilərik. Amma son turlarda gördüyüm bir şey var idi ki, nə qədər çalışsaq da, işləsək də, dəyişikliyə gedən nəsə olmadı. Ona görə də klubdan ayrılmaq qərarını verdim. 

- Özünüz ayrılmaq istədiz? Maraqlıdır ki, indiyə qədər komandaya qazandırdığınız nəticələrdən sonra klub rəhbərliyi sizin fikrinizdən daşındıra bilmədi?

- Bəli, bu, mənim qərarımdır. Oyundan sonra klub rəsmisinə dedim ki, paltardəyişmə otağında kollektivi toplasın, onlarla danışacam. Fikrim də qızlarla danışıb, halallaşıb komandadan ayrılmaq idi. Ancaq öncədən klub rəhbərliyini məlumatlandırmalıydım. Rəhbərliklə görüşüm oldu və onlara istəyimi bildirdim. Onlar məni otaqdan çıxmağa imkan vermədilər ki, "əsəbisən bu cür qərar vermək olmaz, sakitləş sonra yenidən danışarıq". Belə İki gün içərisində klub rəhbərliyi ilə bir neçə dəfə görüşdük. Rəsmi açıqlamadan 2-3 saat əvvəl iclas oldu. Mən də iclasa telefon bağlantısı ilə qoşuldum və fikrimi bildirdim. "Fomget" rəhbərliyi ötən mövsüm də mənim yanımda idi. Fikirləşdim ki, ayrılmağım komandanın xeyrinə olar və ən azından oradakı dostluqları itirmərik. Getməyimi isə rəhbərlik istəmirdi.   

- Sizcə, bir neçə müddət, bir neçə tur qalsaydınız, hər şey yoluna düşməzdi? Komandanın yeni baş məşqçiyə ehtiyacı var idi?

- "Qalatasaray"a uduzduqdan sonra milli fasilə oldu. Daha sonra "Beşiktaş" və "Trabzonspor"la oynadıq. Məqsədimiz komandanın bu oyunlarda dəyişikliyə doğru getməsi idi. Lakin bunu bacarmadıq. Məğlubiyyətlərin də səbəbləri var. "Fomget"dən milli komandalara 12 oyunçu gedirdi. Son dəfə futbolçularımızdan 5-i komandaya zədəli qayıtmışdı. Bunlar da böyük rol oynayır. Onlar da komandanın aparıcı oyunçuları idi. Rəhbərlik bunu yaxşı bilirdi. Elə rəhbərlik məsələdə səbəbkar olmadığımı bildiyi üçün məni buraxmaq istəmirdi. Lakin şəxsi qərarım idi. Düzü, mənə çox pis təsir edirdi ki, niyə uduzuruq? Düşündüm ki, bəlkə baş məşqçi dəyişikliyi komandaya daha yaxşı təsir edər.

- Maraqlıdır, "Fomget"də yenidən idman direktoru vəzifəsinə qayıda bilməzdiz? Ümumiyyətlə, bundan sonra bu vəzifədə hansısa klubda işləməyə planlaşdırırsız, yoxsa yalnız baş məşqçi kimi çalışacaqsız?

- Keçən il idman direktoru idim. Bunun da səbəbləri var. Lakin idman direktoru olsam da, bütün iş prinsipi mənim üzərimdə idi. Məşq proseslərinə də nəzarət edirdim və akademiyaya da kömək edirdim. Komanda çempion oldu, ÇL-ə getdi. Mənim PRO lisenziyam olduğu üçün rəhbərlik komandanı baş məşqçi kimi oyunlara mənim çıxarmağımı istədi. Ondan sonra da "Fomget"dən Türkiyə Futbol Federasiyasına yazılı olaraq müraciət edildi ki, əsasnamədə dəyişiklik edilsin və PRO lisenziyalı legioner məşqçilərin çalışmasına icazə verilsin. TFF də dəyişiklik etdi və PRO lisenziyalı legioner məşqçinin işləməsinə icazə verdi. Belədə, baş məşqçi oldum. Bundan sonra həmin klubda idman direktoru kimi qayıdıb işləməyim düzgün çıxmazdı. Mən özüm də bunu istəməzdim. Amma bundan sonra belə təklif olarsa, niyə də yox? İşləyə bilərəm. Hazırda milli komandada işimi davam etdirirəm. Millidə tarix yazmışıq. İstəyirik ki, davamı gəlsin. Hələ ki, fikrim milli ilə bağlıdır. Gələcəkdə istər baş məşqçi, istərsə də, idman direktoru kimi yaxşı təklif olarsa, dəyərləndirərəm.

- Ümumiyyətlə, Türkiyədən və ya başqa ölkədən təkliflər almısız? 

- Türkiyədə birinci dövrənin son oyunları oldu və bütün klublar istirahətə getdi. "Fomget"dən ayrılığım yeni olub. Bəlkə də, təkliflər gələr, bilmirəm. Təklifim hələ ki, yoxdur. Mənim hazırda millidə vəzifəm var və ona davam edirəm. 

- "Fomget"də çempion olduz, Azərbaycan A millisini Millətlər Liqasında C divizionundan B divizionuna yüksəltdiz. Bundan sonra kişi futbolunda işləməyi düşünürsüz? Heç kişi komandalarından təklif almısız?  

- Bu il qadın futbolunda yaxşı işlər oldu. Klubda da çempion oldum. Milli komanda ilə B divizionuna qalxdıq. Çox uğurlu il keçirdik. Kişi futbolundan təklifim yoxdur. Əgər qadın futbolunda bir şeylər edə biliriksə, ölkəni burada yaxşı təmsil ediriksə, niyə də burada davam etməyək? Amma onu da deyə bilmərəm ki, "yox kişi futbolunda işləmərəm". Təklif, etimad, güvən olarsa, bəlkə də gələcəkdə bunu da dəyərləndirə bilərik. Yenə deyirəm, qadın futbolunda yaxşı yerlərə gəlmişiksə, niyə də davam etdirməyək?  

- Milli komandanın uğurlu çıxışından sonra Azərbaycanda qadın futboluna marağın, diqqətin daha da artacağına inanırsan?

- Məncə, yaxşıya doğru dəyişəcək. Bunun təcrübəsini keçmişəm. "Fomget"lə çempion olanda akademiyaya da nəzarət edirdim. Onda akademiyamızda 200-ə yaxın qız var idi. Çempion olduqdan sonra akademiyaya o qədər tələb yarandı....Akademiyada qızların sayı 450 nəfərə qədər artmışdı. Yenə də tələblər davam edirdi. Bəlli yerlərdə stadionlar axtarırdıq ki, akademiyanın filiallarını açaq. Millimizin yazdığı tarix ölkəmizdə qadın futboluna təkan olacaq, gənc qızlarımıza gələcəklərini qurmaq üçün böyük rol oynayacaq.  

Mirbağırağa

Xəbər xətti