"De Byazini milliyə dəvət edəsən, deyəsən indi ud görüm İsveç və Slovakiyanı, görüm necə udursan?" - MÜSAHİBƏ

15:34 - 13 Fevral 2024

Azərbaycan milli komandasının veteran futbolçusu Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.

O, Azərbaycan milli komandasının Millətlər Liqasındakı şanslarını dəyərləndirib.

- Azərbaycan millisi Millətlər Liqasında İsveç, Slovakiya və Estoniya ilə eyni qrupda yer alacaq. Püşkatma milli üçün uğurlu alındı?

- Məncə, püşk üzümüzə gülmədi. Kifayət qədər ciddi rəqiblərlə oynayacağıq. Millətlər Liqasında düşə biləcək ən çətin komandalar düşdü. Xüsusilə də, İsveç və Slovakiya millilərini qeyd edərdim.

- Əslində, millimiz hər üç rəqibi də məğlub edib. Sizcə, bu dəfə də mümkün olacaq?

- Bəli, yaxın keçmişdə İsveç, Estoniya və Slovakiyanı udmuşuq. Amma bunlar təsadüfi qələbələrdir. Düzdür, sağolsun uşaqlar əziyyət çəkmişdilər, qələbəni kiçiltmək istəmirəm. Sadəcə, rəqiblərimizin həmin oyunlarda heç bir motivasiyası yox idi. Qrup liderliyinə yüksəlmirdilər deyə, onlar oyuna ciddi hazırlaşmamışdılar. Qələbə yenə qələbədir. İsveç və Slovakiya matçlarındakı qələbələr təsadüfi qələbələr idi. Bir neçə ili Canni De Byazi kimi bərbad baş məşqçi ilə boşa verdik. Gələcək üçün də böyük ümidlə danışa bilmirəm. Həm oyun baxımından, həm də taktiki gediş, oyuna müdaxilələr olmamışdı, özgüvən də qazanmamışdıq. O, bizi irəliyə aparacaq nəsə etmədi. Normal baş məşqçi ilə bu cür heyətlə özgüvən qazanmaq olardı. Müəyyən taktiki gedişlər edib, oyun stilini yaxşılaşdırmaq mümkün idi. Amma millinin nə oyun tərzi bilinir, nə yüksək motivasiyası var. Bunların heç birini görməmişik deyə, qələbələri təsadüfi adlandırıram.

- Qrupda birincilik mümkünsüz görünür?

- İndidən bir söz demək olmur. Çünki baş məşqçimiz bəlli deyil. Bilmirik ki, baş məşqçimiz kim olacaq. Hansısa baş məşqçi gəlsə də, birinci yeri tutacağımıza düşünmürəm. Əminlik yoxdur məndə. Çətin qrupdur. Hətta ikincilik də mənim üçün qaranlıq görünür. Yaxşı düşünərək, yaxşı baş məşqçi seçərək, millimiz üçün gələcəyə plan qurmaq olar. Komandanın oyun stilini düzəldib, özgüvən də qazandırmaq mümkündür. Gözoxşayan futbol gördükdən sonra demək olar ki, bu il millimiz birinci və ya ikinci yer üçün oynaya bilər. Ancaq indi onu əminliklə demək olmur. Qrupda birinci yeri tutmaq hələ ki, mümkünsüz görünür. İsveç və Slovakiya çox güclüdür.

- Hələ də millinin baş məşqçi postu boşdur. Sizin namizədiniz kimdir?

- Təkrarçılıq olsa belə, deyəcəm, mən millimizin baş məşqçi postuna yalnız Qurban Qurbanovu düşünürəm. Yox, əgər sadəcə baş məşqçi təyin etməyi düşünürüksə, Canni De Byazi və Nikola Yurçeviç kimi bərbad məşqçidənsə, milliyə istənilən baş məşqçi təyin etmək olar. Milli elədir ki, qarşıya məqsəd qoyulmalıdır. İnanmıram ki, hansısa dürüst məşqçi Millətlər Liqasında birinci yeri tutacağımızı söz versin. Bu, dürüst danışıq olmaz. Çünki qrupda kifayət qədər güclü komandalar var. Mənim namizədim Qurban Qurbanovdur. Bəlkə də, xaricdən işini sevən, motivasiyalı, işini bilən məşqçi ilə də anlaşmaq olar. Götür-qoy edib, çoxlu təhlil etdikdən sonra bunu reallaşdırmaq lazımdır. Məşqçi təyinatını gözardına vurmaq olmaz. İşləyən, bacarıqlı, zəhmətkeş məşqçi seçimi olmalıdır.

- Ölkə xaricində azərbaycanlı futbolçuların sayının artması da, millimizə kömək olmayacaq?

- Bəli, xaricdə legioner həyatı yaşayan oyunçularımızın sayı artır. Ümid edək ki, daha çox olacaq. Çünki bizim liqamızla digər çempionatlar arasında səviyyə fərqi var. Çox istəyərdim ki, oyunçularımız getdiyi komandaların liderləri olsun. O zaman millimizə böyük fayda verə bilərlər. Çoxları deyir ki, çempionatımızın səviyyəsi yüksəlib, rəqabətə davamlıdır. Bəli, rəqabət ikinci və daha aşağı yerlərdə olan komandalar arasında var. Çempionatımız o vaxtı daha güclü sayılacaq ki, "Qarabağ"a 3-4 rəqib gələcək. Üçüncü dövrə yeni başlayıb, "Qarabağ" böyük xal fərqi ilə ikinci yerdən ayrılıb. Onlar 10 nəfərlə qələbələr qazanır. Hətta Premyer Liqada baş məşqçilərimiz var, komandası "Qarabağ"a qarşı 10 nəfərlə oynayıb, deyir, onlarla başabaş oynamışıq. Bu, bir az gülünc görünür. Təəssüf ki, vəziyyət belədir. "Qarabağ"la başabaş mübarizə aparacaq 4-5 komandamız olarsa, çempionatımızı yüksək səviyyəli liqa adlandıra bilərik. İndi isə liqamız "Qarabağ" və başqalarından ibarətdir.

Sonda bir məsələyə qayıtmaq istəyirdim. Təbii ki, sarkazmla deyirəm. Təklif edirəm, Canni De Byazini milliyə yenidən dəvət etsinlər. Çox sinəsinə döyürdü ki, İsveçi, Slovakiyanı udmuşam. İndi onu lap kiçik maaşa dəvət etsinlər və qarşısına hədəf qoysunlar ki, birinci yerə çıxsan, kifayət qədər böyük bonus veriləcək. Sinəsinə döyən o bərbad məşqçi görüm, indi birinci yer uğrunda kiçik şərtlərlə razılıq verər? Sadəcə, milli təsadüfi qələbələr qazanmışdı və onu çox böyük şişirmişdi. İndi gəlsin də, görüm İsveç və Slovakiya ilə necə başabaş mübarizə aparacaq? Bəzilərini görürəm, Canni De Byazinin buradakı işlərini yaman qabardırlar. Sanki italiyalı böyük işlər görüb. Onu indi milliyə gətirəsən və deyəsən, İsveç və Slovakiyanın olduğu qrupda görüm nə edə bilirsən? De Byazinin necə bərbad məşqçi olduğunu bununla sübut etmək olar. Təbii ki, bunları sarkazmla deyirəm. Sadəcə, vurğulamaq istəyərdim ki, neçə ilimiz Canni De Byazi ilə boşuna getdi.

Mirbağırağa

Xəbər xətti