"Sabah"ın legioneri: "Premyer Liqada heç bir matç asan keçmir, hamı sona qədər mübarizə aparır" - MÜSAHİBƏ

12:49 - 20 Fevral 2024

"Sabah"ın braziliyalı legioneri Kristian da Silva Sportal.az saytına müsahibə verib.

- Son turda "Kəpəz"i məğlubiyyətə uğratdınız. Matç sizin üçün necə alındı? Qələbəni necə şərh edərdin? 

- Biz oyuna yaxşı başlamadıq, start uğursuz alındı. Qapımızda erkən qol gördük. Lakin sonrakı dəqiqələrdə üstünlüyü ələ keçirdik. Qolumuzu vurduq və ardını da gətirdik. Nəticədə də üç xalı qazandıq. Amma asan oyun olmadı.

- "Kəpəz" hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Matçın bu qədər ağır və çətin keçəcəyini ehtimal edirdiniz?

- Düzünü desəm, bəli, ehtimal edirdim. Çünki Azərbaycan Premyer Liqasında bütün komandalar sona qədər mübarizə aparır, heç bir matç asan keçmir. Rəqibin fərqi yoxdur, hansı pillədə olursa-olsun, matçlar çətin alınır. Əvvəlcədən də, “Kəpəz”ə qarşı matçın çətin keçəcəyini ehtimal etmişdim. 

- "Sabah” hazırda 7-ci pillədə olsa da, 2-ci pillədəki “Sumqayıt”dan cəmi 5 xal geridə qalır. Komandanızın yuxarı pillələrə qalxmaq şanslarını necə dəyərləndirirsən? 

- Məncə, üst pillələrə qalxmaq üçün potensiala sahibik. Əminəm ki, tezliklə bunu reallaşdıracağıq. Komandamızın gücü var.

- Səncə, “Sabah” mövsümün sonunda mükafatçılar sırasına düşüb, avrokuboklara vəsiqə qazana biləcək? 

- Təbii ki, biz hər oyuna uğurlu nəticə üçün çıxırıq. Lakin indi biz yalnız növbəti görüş haqda düşünürük. Mövsümün sonunda necə olacaq? Bunu ancaq mövsümün sonu göstərəcək. Biz isə qarşıdakı görüşü düşünürük.

- Murad Musayev gedişi və İqor Ponomaryovun gəlişi komandada nəyi dəyişdi? Fərqli sistemdə oynayırsız. Hansı daha rahatdır? 

- Hər məşqçinin öz oyun stili, futbola baxışı var. Mən futbolçuyam və baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram. Məşqçilər arasında hansısa müqayisəni aparmaq istəməzdim.

- "Sabah” növbəti turda “Səbail”lə qarşılaşacaq. Bu komanda haqda və oyun barədə fikrin necədir? Səncə, onları səfərdə məğlub edə biləcəksiz? 

- Bayaq dediyim kimi, komandamız hər oyuna qələbə üçün çıxırıq. “Səbail”lə görüşə də üç xal üçün çıxacağıq. Doğrudur, çətin olacaq. Lakin nə qədər çətin olursa-olsun, “Səbail”lə görüşdə qələbə qazanmaq niyyətindəyik.

- Süni örtüklü meydança sizə nə dərəcədə mənfi təsir edəcək? 

- Doğrudur, süni örtüklü meydançada oynamağın öz çətinlikləri var. Azərbaycan Premyer Liqasında bütün oyunların təbi örtüklü meydançada keçirilməsi yaxşı olardı. Amma hazırkı reallıq bizdən bu stadionda oynamağı tələb edir. Biz əvvəllər də bu meydanda oynamışıq. Meydançadan asılı olmayaraq biz çıxıb öz oyunumuzu oynamalıyıq.

Elçin Əlixan

Xəbər xətti