"Gürcüstan futbolunda sistem var, işləyənlərin hamısı da köhnə futbolçulardır" - MÜSAHİBƏ

14:33 - 25 Mart 2024

Azərbaycan milli komandasının keçmiş hücumçusu Rauf Əliyev Sportal.az saytına müsahibə verib.

- Millimiz "FİFA series" mini-turnirində ilk görüşündə Monqolustana qalib gəldi. Həmin oyunda yığmamızın performansını necə dəyərləndirirsən?

- Mən də millidən ən yaxşı oyun, ən yaxşı nəticə gözləyirdim. Çünki Monqolustan millisinin zəif olduğunu bilirdim. Amma Monqolustanı da qiymətləndirmək lazımdır. Çünki çox yaxşı müdafiə olunurdular. Qolkiper inamlı idi. Ramil Şeydayev, Renat Dadaşlovun dəfələrlə zərbəsini dəf etdi. Lakin ilk dəqiqələrdə Renatın epizodları qolla nəticələnsəydi, tam fərqli oyun izləyəcəkdik. Yəni, Monqolustan bu qədər arxaya da çəkilməyəcəkdi. Belədə, millimiz böyükhesablı qələbə qazanardı. Hər halda, son dəqiqələrdə də olsa, qol vurub qalib gəldik.

- Monqolustan FİFA reytinqində millimizdən də aşağı pillədədir. Bu cür rəqibi məğlub etməmək də yeni tənqidlərə yol açacaqdı...

- Monqolustana qalib gəlməsəydik, futbolçular çox tənqid olacaqdı. Hamının gözləntisi böyük idi. Futbolçularımız yaxşı klublarda çıxış edir. Legioner həyatı yaşayanlar az deyil. Fikirləşirdik ki, Monqolustana çox qol vuracağıq. Məncə, ilk dəqiqələrdə qol vursaydıq, hesab böyük olacaqdı. Bizim oyunçular da ən yaxşısını etdilər. Amma şanssızlıq da var idi.

- Bu gün millimiz Bolqarıstanla qarşılaşacaq. Səncə, bolqarları məğlub etmək mümkün olacaq?

- Bolqarıstanı evdə məğlub etmək olar. Onlar son dövrlərdə o qədər də yaxşı deyillər. Əvvəlki Bolqarıstan gücündə olmadıqları məlumdur. Özünüz bilirsiz ki, əvvəllər onların millisi güclü olub, heyətlərində ulduz oyunçuları var idi. Məncə, indiki durumda Bolqarıstana Bakıda qalib gələ bilərik.

- Azərbaycan millisinin heyətində debüt edən Emil Mustafayev haqda nə deyəcəksən?  

- Emil Mustafayev yaxşı təsir bağışladı. Gənc, istedadlı oyunçudur. Futbolçu kimi daha da yaxşı çıxış edib, daha yaxşı oyunlar göstərə biləcək. Monqolustanla görüşdə hücumda oynadıq deyə, daha çox nəzərə çarpırdı. Epizodlarda da topla yaxşı davranışını göstərirdi.

- Arif Əsədovun rəhbərliyi altında milli maraqlı görünür?

- 3-4 günə hansısa fərqi yaratmaq olmaz. Arif Əsədov da qısa müddətdir ki, milliyə rəhbərlik edir. İnanmıram ki, o da 3-4 günə hansısa böyük dəyişiklik etsin. Monqolustan da güclü deyildi deyə, hansısa dəyişikliyi də görmək olmurdu. Ona görə bir oyuna görə fərqi demək olmur.

- Millimiz "FİFA series" turnirində Monqolustanla oynayır, amma Gürcüstan millisi Avropa çempionatının bir addımlığındadır və sabah Yunanıstanla qarşılaşacaq. Səncə, biz niyə milli səviyyəsində onlar qədər irəli gedə bilmirik?

- Gürcüstanla qonşu olsaq da, futbolumuz çox fərqlənir. Onlar son dövrlər çox yaxşı çıxış edir. Gürcüstan futbolunda sistem var. Milli uzun illərdir ki, eyni baş məşqçiyə tapşırılır. Futbolda işləyənlərin hamısı köhnə futbolçulardır, sistem var, işi qurublar. Futbolçular xaricdə yaxşı klublarda oynayırlar. Klub səviyyəsində irəlidə olsaq da, milli səviyyəsində Gürcüstandan geri qalırıq. 

Mirbağırağa

Xəbər xətti