"Finaldakı rəqibimiz "Qarabağ" olsa belə, bizim də kuboku qazanmaq şansımız var" - MÜSAHİBƏ

15:36 - 26 Aprel 2024

"Zirə"nin legioneri Stefan Akka Sportal.az saytına müsahibə verib.

- Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə də "Qəbələ"yə qalib gələrək finala vəsiqəni təmin etdiniz. Cavab görüşü daha çətin keçdi?

Yaxşı və çətin oyun alındı. Biz komanda kimi çox yaxşı oynadıq. Layiqli şəkildə də qələbəmizi qazandıq. Təbii ki, finala vəsiqə qazandığımız üçün şadam. Lakin qarşıda oyunlarımız çoxdur, indi həmin matçları fikirləşirik.

- Finaldakı rəqibiniz "Qarabağ" olacaq. Yəqin ki, rəqib olaraq "Neftçi"ni görmək istəyərdiz? 

Hər halda, bu finaldır. Finalda isə hər bir komandanın şansı var. Doğrudur, rəqibimiz “Qarabağ”dır. Çox yaxşı komandadan söhbət edirik. Amma finalda bizim də kuboku qazanmaq şansımız var.

- Bundan əvvəl "Zirə" ölkə kubokunun finalında bir dəfə "Qarabağ"a qarşı oynayıb. Bu matç haqda məlumat veriblər sənə?

Bəli, xəbərim var. “Qarabağ” ölkə çempionatının qalibidir, çox yaxşı komandadır. Amma bizim də şansımız var. Biz qələbə üçün oynayacağıq. Ümidvaram ki, hər şey bizim istədiyimiz kimi alınar.

- "Zirə" hazırda ikinci pillədədir və komanda yaxşı formadadır... 

Komandamız indi çox yaxşı formadadır. Bütün futbolçular, məşqçilər, klubda işləyən hər kəs hədəfə köklənib və bunun üçün işləyirik. Ümid edirik ki, sona qədər eyni ruhda, eyni uğurlu nəticələrlə davam edəcəyik. Mövsümün sonunu uğurlu şəkildə başa vurmaq niyyətindəyik.

- Növbəti görüşünüz "Araz-Naxçıvan"a qarşıdır. Həmin görüşdə qələbə qazanmaq şansınızı necə dəyərləndirirsən?

Dediyim kimi, sona 5 tur qalıb və bütün görüşlər çətin keçəcək. Bu liqada asan, rahat rəqib yoxdur. “Araz-Naxçıvan”a qarşı matç da çətin olacaq. Amma bizim qələbə qazanmaq üçün şansımız var. Əgər istədiyimiz kimi oynasaq, qələbəyə yaxınıq.

- "Zirə"nin Avropa Liqasına vəsiqə qazanmaq üçün yaxşı şansa sahibdir. Səncə, bu turnir daha yaxşı olardı, yoxsa Konfrans Liqası?

Mənim üçün bunun bir o qədər də fərqi yoxdur. Əsas odur ki, avrokuboklara vəsiqə qazanaq və yeni mövsüm “Zirə” Avropada çıxış etsin. Mövsümün sonunda hər şeyi görəcəyik.

Mirbağırağa

Xəbər xətti