"Yurqorden"in idman direktoru Musa haqda: "Özünü ona inamın yüksək olduğu mühitdə tapacaq"

11:34 - 15 İyun 2024

İsveçin "Yurqorden" klubunun idman direktoru Bosse Andersson azərbaycanlı hücumçu Musa Qurbanlının paytaxt təmsilçisində keçirdiyi vaxtdan danışıb və onun "Qarabağ"a keçməsinə münasibət bildirib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Bosse millimizin forvardı barədə bunları deyib:

"Musa Azərbaycan milli komandası üçün gənc və perspektivli futbolçudur. Onun karyerasının bu mərhələsində oyun vaxtı vacibdir. Musa bizimlə çətin yaz mövsümü keçirdi: oyun vaxtı məhdud idi. Bu, futboldur və bəzən dalana dirənirik. Bu həll hər iki tərəf üçün ən yaxşısıdır. İndi Musa özünü yaxşı bildiyi, statusunun və ona inamının yüksək olduğu bir mühitdə tapacaq. “Qarabağ”la bu məsələdə yaxşı dialoqumuz olub. “Yurqorden”də olduğu müddətdə Musa ən peşəkar şəkildə hərəkət etdi. O, daha yaxşı olmaq üçün çox çalışan və hələ də ambisiyaları olan futbolçudur. Musaya gələcək karyerasında uğurlar arzulayıram”.

Qurbanlı özü vida sözlərini belə dilə gətirib: “Mənim üçün bu, yeni və xoş təcrübə oldu. Bu müddət ərzində çox şey öyrəndim. “Yurqorden”də keçirdiyim vaxt mənə çoxlu yeni dostlar qazandırdı və gözəl insanlarla tanış oldum. Dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm. Komandanın böyük azarkeşləri qarşısında oynamaq şərəf idi. “Yurqorden”ə gəldiyim gündən bəri hər zaman əlimdən gələni etmişəm və arzu edirəm ki, hər şey mənim üçün daha yaxşı olsun. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xəbər xətti